...

Azərbaycana xaricdən gətirilən ərzaq və kənd təsərrüfatı məhsullarının xarab olmasının qarşısı alınacaq

Cəmiyyət Materials 17 Oktyabr 2011 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda sterlizasiya qurğusu istifadəyə verildikdən sonra ölkəyə xaricdən gətirilən taxıl, kartof və digər ərzaq, kənd təsərrüfatı məhsullarının vaxtından əvvəl xarab olmasının qarşısı alınacaq. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib.

Onun sözlərinə görə, regionda ilk dəfə olaraq, Azərbaycanda sterilizasiya qurğusundan istifadə ediləcək. Hazırda Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə birlikdə "Azərbaycanda sterilizasiya qurğusunun qurulması" layihəsi icra edilir.

Azərbaycan üçün sterilizasiya qurğusu BAEA-nın maliyyə vəsaiti hesabına alınacaq. Artıq qurğunun alınması üçün tender elan edilib. Hazırda qurğunun inzibati binasının tikintisi aparılır.

Qəribov deyib ki, qurğunun qamma şüaları ilə müxtəlif obyektlər şüalandırılacaq. Müəyyən dozada şüa verilməklə məhsullarda olan mikroblar məhv ediləcək. Bu doza beynəlxalq standartlara uyğun olaraq, hər bir qida, ərzaq, kənd təsərrüfatı məhsulu üçün ayrıca müəyyənləşdirilib.

Dünyada məhsulların saxlanılması üçün bu üsuldan geniş tətbiq edildiyini deyən Qəribov bunun respublikada da geniş tətbiq oluna bilməsini mümkün sayıb.

"Xaricdən Azərbaycana külli miqdarda ədviyyat, ərzaq məhsulları, tibbi ləvazimatlar, bitkilərdən hazırlanmış müxtəlif dərmanlar gətirilir. Onlar xəstəliklərin, mikrobların daşıyıcısıdır. Kimyəvi strelizasiyanı müxtəlif məhsullara tətbiq etmək yolu ilə onlardakı bütün mikrobları öldürmək olar. Sterilizasiya qurğusunun Azərbaycanda tətbiqinin heç bir ziyanı olmayacaq. Bu, çox lazımlıdır", - institut direktoru deyib.

Bu qurğunun ölkə iqtisadiyyatına böyük xeyir verə biləcəyini qeyd edən Qəribov bildirib ki, bu qurğudan neft-kimya sahəsində də istifadə oluna bilər.

Onun sözlərinə görə, sterilizasiya qurğusundan yalnız məhsulların istifadə müddətinin artırılması üçün deyil, yeni materialların alınması üçün də istifadə etmək olar.

Qəribov əlavə edib ki, qurğunun yaxın 2 il ərzində istifadəyə veriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti