...

Azərbaycan İranın suitilərin ovlanması ilə bağlı ittihamını cavablandırdı

Cəmiyyət Materials 19 Oktyabr 2011 17:34 (UTC +04:00)
İranın digər dörd Xəzəryanı ölkələrdə Xəzər suitilərinin dərisindən istifadə etmək üçün onların ovlanması ilə bağlı verdiyi məlumat yanlışdır.
Azərbaycan İranın suitilərin ovlanması ilə bağlı ittihamını cavablandırdı

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

İranın digər dörd Xəzəryanı ölkələrdə Xəzər suitilərinin dərisindən istifadə etmək üçün onların ovlanması ilə bağlı verdiyi məlumat yanlışdır. Bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin baş məsləhətçisi, Xəzərin Su Bioresursları Komissiyasının daimi üzvü Tariyel Məmmədli deyib.

İranın Ətraf Mühitin Qorunması Təşkilatının dənizdə ekologiya üzrə idarə rəisinin müavini Əbdürrza Kərbasi bildirib ki, digər dörd Xəzəryanı ölkələrdə Xəzər suitilərinin dərisindən istifadə etmək üçün onları ovlayırlar. Bu isə Xəzərdə suitilərin nəslinin kəsilməsinin əsas səbəblərindən biridir.

Məmmədli isə deyib ki, Azərbaycanda sonuncu dəfə suiti 1962-ci ildə ovlanıb. Onun sözlərinə görə, suitinin ovlanmasından da ilk dəfə olaraq Azərbaycan imtina edib.

Məmmədli hazırda Türkmənistanın da suitilərin ovlanması ilə məşğul olmadığını bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, Rusiya və Qazaxıstan bu işlə məşğul olsa da, artıq son illər onlar da suiti ovlamırlar.

"Tam dəqiqliklə deyə bilərəm ki, son 5 ildə heç bir Xəzərətrafı ölkədə suitilərin ovu ilə məşğul olan yoxdur. Xəzərin Su Bioresursları Komissiyasında da ona kvota verilmir", - Məmmədli əlavə edib.

Onun sözlərinə görə, əslində Xəzərdə suitilərlə bağlı problem 1950-ci illərdə olub. Nazirlik rəsmisi ötən əsrin 50-ci illərində özünü göstərən bu problemin İran tərəfindən indi qabardılmasının səbəbinin də ona aydın olmadığını söyləyib.

"Bu, İranın problemidir. İran bəlkə 1950-ci ilin arxiv ədəbiyyatına rast gəlib. Çünki həmin illərdə bu problem var idi", - Məmmədli əlavə edib.

Xəbər lenti

Xəbər lenti