...

Bakının Nəsimi rayonu ilə San Dieqo şəhərinin Svitzer Haylend rayonu qardaşlaşıblar

Cəmiyyət Materials 25 Oktyabr 2011 20:25 (UTC +04:00)
San Dieqo Şəhər Şurasında Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi qeyd edilib və şəhər meriyası Svitzer Haylend (Switzer Highland) rayonu ilə Bakı şəhərinin Nəsimi rayonu arasında tarixdə ilk dəfə olaraq "Qardaşlaşmış Rayonlar" münasibətlərinin qurulması haqqında qərar qəbul edib.
Bakının Nəsimi rayonu ilə San Dieqo şəhərinin Svitzer Haylend rayonu qardaşlaşıblar

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir B.Hacıyev/

San Dieqo Şəhər Şurasında Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi qeyd edilib və şəhər meriyası Svitzer Haylend (Switzer Highland) rayonu ilə Bakı şəhərinin Nəsimi rayonu arasında tarixdə ilk dəfə olaraq "Qardaşlaşmış Rayonlar" münasibətlərinin qurulması haqqında qərar qəbul edib.

Аzərbaycanın Los Anceles səhərindəki Baş Konsulluğundan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Nəsimi və Svitzer Haylend rayonları arasında "Qardaşlaşmış Rayonlar" münasibətlərinin qurulmasına dair Kaliforniya ştatında yerləşən San Dieqo şəhərinin meri Cerry Sanders və Şəhər Şurasının üzvü Todd Qloria Şura üzvləri tərəfindən imzalanmış xüsusi bəyanatı təqdim ediblər.

Sənəddə ABŞ-ın və Azərbaycanın sözügedən rayonlarının ictimaiyyətinin bir çox sahələrdə münasibətlər qurmasına arzu və dəstəyi nəzərə alaraq, Svitzer Haylend rayonu ilə Nəsimi rayonu "Qardaşlaşmış rayonlar" bəyan edilib və bu münasibətlərin hər iki rayonun icmasının yaxınlaşmasına öz töhfəsini verəcəyi qeyd olunub. Sənəd San Dieqo şəhərinin meri Cerry Sanders tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev və Nəsimi rayonundan millət vəkili seçilmiş Asim Mollazadəyə təqdim edilib.

Təqdimat mərasimində San Dieqo şəhərinin meri və Şəhər Şurasının üzvləri Nəsimi və Svitzer Haylend rayonlarının qardaşlaşmasının Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə təsadüf etdiyini bildirib və bu münasibətlə Azərbaycan nümayəndə heyətini və Azərbaycan xalqını bayram münasibətilə təbrik ediblər. Azərbaycan nümayəndə heyəti ölkə müstəqilliyinin 20 illiyi ilə əlaqədar Şəhər Şurasının üzvlərinin təbrikinə və qardaşlaşma münasibətlərinin qurulmasına göstərilən dəstəyə görə Şura üzvlərinə öz minnətdarlığını bildiriblər.

San Dieqo Şəhər Şurasının növbəti iclasının açılışında keçirilmiş bu mərasimdə Şuranın məsul şəxsləri, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, millət vəkili Asim Mollazadə, İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun əməkdaşları, şəhərin fəalları, ictimai xadimləri və Svitzer Haylend rayonunun Nəsimi rayonu ilə münasibətlərinin qurulması üzrə təşəbbüskar qrupun üzvləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti