...

Azərbaycanda uşaq cinayətlərini araşdıran xüsusi istintaq bölmələri və təhqiqat qrupları yaradıla bilər

Cəmiyyət Materials 26 Oktyabr 2011 15:47 (UTC +04:00)
Uşaq cinayətlərini araşdıran xüsusi istintaq bölmələri və təhqiqat qruplarının yaradılmasına ehtiyac var.
Azərbaycanda uşaq cinayətlərini araşdıran xüsusi istintaq bölmələri və təhqiqat qrupları yaradıla bilər

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Uşaq cinayətlərini araşdıran xüsusi istintaq bölmələri və təhqiqat qruplarının yaradılmasına ehtiyac var.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Kamal İmamverdiyev çərşənbə günü Trend-ə bildirib ki, Azərbaycanda yuvenal ədliyyə sisteminin yaradılması məqsədilə həyata keçiriləcək islahatlar çərçivəsində belə qrupların təşkili nəzərdə tutulur.

Onun sözlərinə görə, Azərbaycanda uşaq cinayətlərini araşdıran ixtisaslaşmış polis, prokurorluq, məhkəmə və vəkillik institutunun yaradılması üçün beynəlxalq meyarlara uyğun yuvenal ədliyyə sistemi formalaşdırılır.

Uşaq cinayətlərinin araşdırılması üçün ədalət mühakiməsinin ən müasir modellərinin tətbiqini zəruri sayan şöbə müdiri qeyd edib ki, polis sistemində uşaq cinayətlərinin araşdırılması daha təcrübəli, ixtisaslı müstəntiqlər tərəfindən aparılır.

Bu məqsədlə iki ildir Bakıdakı polis idarələrinin bütün baş müstəntiqləri üçün beynəlxalq ekspertlərin iştirakı ilə kurslar təşkil olunub və onlara uşaqlarla bağlı cinayət təqibinin müasir mexanizmləri barədə məruzələr söylənilib.

Nazirlik rəsmisi deyib ki, uşaqlar tərəfindən törədilən cinayətlər araşdırılarkən prosesə onların valideynləri, qanuni nümayəndələri, pedaqoqlar və psixoloqlar cəlb olunur.

İmamverdiyev uşaqlar tərəfindən törədilən cinayətlərin, hüquq pozuntularının araşdırılması zamanı psixoloqların xidmətindən az istifadə olunduğunu qeyd edib və bu institutun daha da inkişaf etdirilməsini zəruri sayıb.

Uşaqlara mümkün qədər həbslə əlaqədar olmayan cəzaların - nəzarət altına vermək, xəbərdarlıq, islah işləri və s. verilməsini vacib hesab edən İmamverdiyev qeyd edib ki, bu barədə qanunvericilikdə xüsusi müddəalar olsa da, onların geniş tətbiqi yuvenal ədliyyə sisteminin yaradılmasından sonra mümkündür.

Nazirlik rəsmisi bildirib ki, bu ilin mayında Daxili İşlər və Ədliyyə nazirlikləri və YUNİSEF ilə birgə "Yuvenal ədliyyə sahəsində islahatlar proqramı" çərçivəsində 2 illik dövr üçün iş planı təsdiqlənib.

İş planı çərçivəsində "Yuvenal ədliyyə haqqında" qanunun hazırlanması prosesini davam etdirmək, bununla bağlı təkliflər hazırlamaq, bu sistemdə müəyyən dəyişikliklər edilməsi ilə bağlı perspektivləri müəyyənləşdirmək üçün tədbirlər həyata keçirilir.

Bakı şəhərində bir neçə polis idarələrində "uşaq polis otaqları"nın yaradıldığını deyən İmamverdiyev bildirib ki, bu otaqlar digər saxlama otaqlarından fərqlənir.

Otaqlara giriş qapısı ayrıdır, uşaqlar ağır cinayət törətmiş insanlarla üzləşmirlər. Bu qurumlarda cinayət və hüquq pozuntusu törətmiş uşaqlarla mülki geyimli polis əməkdaşları, psixoloqlar, uşaq hüquqlarının müdafiəsi təşkilatlarının nümayəndələri söhbətlər aparır, bu uşaqlara qayğı, onların problemləri və problemlərin həlli ilə bağlı müzakirələr aparılır.

İmamverdiyevin sözlərinə görə, cari ilin 9 ayında Azərbaycanda uşaqların iştirakı ilə 289 cinayət hadisəsi qeydə alınıb, bu cinayətlərdə 338 uşaq iştirak edib.

Cinayət törədən uşaqların əksəriyyətinin 16-17 yaş qrupundan olduğunu deyən şöbə rəisi bildirib ki, 338 uşaqdan 279 nəfəri cinayət məsuliyyətinə cəlb olunub, 79 nəfər cinayət məsuliyyətindən azad olunub, 22 cinayət işi üzrə xitam qərarı çıxarılıb, 37 fakt üzrə cinayət işinin başlanması rədd olunub.

Uşaqlar tərəfindən qeydə alınan cinayətlərin əksəriyyəti (132 fakt) əmlak xarakterli cinayətlərdir.

Xəbər lenti

Xəbər lenti