Azərbaycan, Bakı, 28 oktyabr / Trend müxbir İ.İsabalayeva/
Azərbaycanda məktəbəqədər təhsil üzrə monitorinq və qiymətləndirmə sistemi yaradılacaq. Bunu cümə günü Trend-ə Təhsil Nazirliyinin Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva deyib.
Onun sözlərinə görə, hazırda bununla bağlı işçi qrup tərəfindən işlər aparılır. Sistem vasitəsilə məktəbəqədər təhsil müəssisələri, onların işçilərinin fəaliyyəti və ümumiyyətlə, bu sahə qiymətləndiriləcək.
Azərbaycanda məktəbəqədər təhsil üzrə monitorinq və qiymətləndirmə sisteminin yaradılması məsələsi "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi zərfi" layihəsində də nəzərdə tutulur.
Artıq büdcə zərfi millət vəkillərinə təqdim edilib. 2012-ci ilin dövlət büdcəsi zərfinə aid olan sənədlərin Milli Məclisdə noyabrın əvvəllərində müzakirə olunacağı gözlənilir.