...

Nuşirəvan Məhərrəmli: Serialların mövzularının seçim hüququ kanallara verilməlidir

Cəmiyyət Materials 1 Noyabr 2011 17:58 (UTC +04:00)
Azərbaycanın televiziya kanalları tərəfindən çəkiləcək milli serialların mövzularının seçim hüququ kanalların özlərinə verilməli, bu sahədə televiziya və prodakşnlara müəyyən sərbəstlik verilməlidir.
Nuşirəvan Məhərrəmli: Serialların mövzularının seçim hüququ kanallara verilməlidir

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Ölkə Prezidentinin sərəncamı ilə ayrılmış maliyyə vəsaiti hesabına Azərbaycanın televiziya kanalları tərəfindən çəkiləcək milli serialların mövzularının seçim hüququ kanalların özlərinə verilməli, bu sahədə televiziya və prodakşnlara müəyyən sərbəstlik verilməlidir. Bunu çərşənbə axşamı Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda seriallarla bağlı bazar çox boşdur. Buna görə də telekanallara serialların çəkilməsi üçün konkret mövzular tapşırılmayacaq.

"Mövzular haqqında yalnız o zaman düşünmək olar ki, hansısa xüsusi mövzular zəruri sayılır və onlara daha çox önəm vermək lazımdır. Hazırda bu sahə tamamilə boş olduğu üçün biz Azərbaycanın milli-mənəvi dəyərlərinə uyğun olan mövzuları seçəcəyik. Mövzular çoxdur, bu mövzular hərbi vətənpərvərlik, ailə-məişət, gənclərin həyat və şəraiti, Azərbaycan tarixi ilə bağlı ola bilər", - MTRŞ sədri deyib.

Onun sözlərinə görə, serialların və milli filmlərin istehsalına ayrılmış maliyyə vəsaiti televiziya kanallarının hesablarına köçürüldükdən sonra kanallar ayrı-ayrı prodakşnlarla birgə serialların çəkilişinə başlayacaqlar.

"Bizim üçün əsas məqsəd Azərbaycan televiziya kanallarında milli serialların yayımı məsələsi olduğu üçün bu işi bilavasitə televiziya kanalları ilə görmək qərarına gəldik. Burada da iki məqsəd güdürük. Bir tərəfdən, prodakşnlar işə cəlb olunacaqlar. İkinci tərəfdən, bu işin məsuliyyəti televiziya kanallarının da üzərinə düşəcək", - MTRŞ sədri əlavə edib.

Onun sözlərinə görə, televiziya kanalları serial çəkilişində rəqabət yarışına girişməlidirlər. Çünki kanalların reytinqinə bu da öz təsirini göstərəcək.

Xəbər lenti

Xəbər lenti