Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları "Azər Yod" MMC-yə məxsus yod istehsalı zavodunda ətraf mühitin mühafizəsi qanunvericiliyinin və bu sahədə qəbul edilmiş normativ hüquqi aktların tələblərinə riayət olunması vəziyyətini araşdırıblar.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova çərşənbə günü Trend-ə bildirib ki, aparılan araşdırma zamanı müəssisədə yod emalı prosesində atmosferə xlorun, kükürd qazlarının, yod və sulfat turşularının reqlament normaları çərçivəsində buraxıldığı, atqı sularından götürülmüş nümunələr üzərində aparılmış təhlillərin nəticəsinə görə ətraf mühitə atılan zərərli maddələrin miqdarının da norma daxilində olduğu və ətraf mühit üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib.
Bununla yanaşı, xammal kimi istifadə olunan suyun nəqli üçün istismar olunan boru kəmərlərinin müəyyən hissələrinin korroziyaya uğradığı, iki ədəd su çənində sızmaların olduğu, atqı sularının ətraf ərazilərə axıdıldığı məlum olub və problemlərin aradan qaldırılması məqsədilə müəssisəyə müvafiq icrası məcburi olan göstərişlər verilib. Göstərişin icra vəziyyəti ETSN tərəfindən nəzarətdə saxlanılır.