Azərbaycan, Bakı, 28 noyabr / Trend müxbir M.Əliyev/
Azərbaycanda intellektual laboratoriyalar yaradılacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə verdiyi açıqlamasında Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib.
O bildirib ki, bu laboratoriyanın yaradılması üçün regional və beynəlxalq təcrübə öyrənilir.
Babayevin sözlərinə görə, gənc alimlər üçün məlumat bazası da yaradılacaq.
Fond rəsmisi deyib ki, gənc alimlər üçün yaradılacaq məlumat bazasının əsasında qrantlar və digər vasitələrlə gənclərin daha fəal elmi fəaliyyətə cəlb olunması qarşıya qoyulan məqsədlərdən biridir.
Babayev elmi qrantların vergidən azad olunması istiqamətində hazırda işlərin aparıldığını da qeyd edib.
O əlavə edib ki, artıq müvafiq qurumlar üçün müraciətlər hazırlayırlar.
"Digər dünya ölkələrinin də təcrübəsini öyrənirik. Məsələn, qonşu Rusiyada bu məsələdə real addımlar atılıb. Ümid edirik ki, Elmin İnkişafı Fondunun verdiyi qrantlara xüsusi yanaşma tətbiq olunacaq. Çünki bu, elmin inkişafı üçün güclü bir stimuldur", - Babayev bildirib.