...

Azərbaycanda vəkilliyə 100-dən artıq hüquqşünas qəbul edilib

Cəmiyyət Materials 28 Noyabr 2011 11:56 (UTC +04:00)
Azərbaycanda vəkilliyə qəbul üçün keçirilən imtahanlarda uğur qazanmış 103 hüquqşünas müsabiqənin ikinci mərhələsində müsbət nəticə əldə edib.
Azərbaycanda vəkilliyə 100-dən artıq hüquqşünas qəbul edilib

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda vəkilliyə qəbul üçün keçirilən imtahanlarda uğur qazanmış 103 hüquqşünas müsabiqənin ikinci mərhələsində müsbət nəticə əldə edib.

Vəkillər Kollegiyasından bazar ertəsi Trend-ə verilən məlumata görə, müsabiqənin birinci mərhələsində uğur qazanmış 177 nəfər namizəddən 139 ilə söhbət keçirilib.

Söhbət keçirilən namizədlərdən 103 nəfəri müsbət nəticə toplayaraq kollegiyaya qəbul edilib. 36 namizəd söhbətdə müsbət nəticə toplaya bilməyib.

Digər namizədlərlə söhbət dekabrın 15-dək davam edəcək.
Kollegiyadan bildirilib ki, müsabiqədə müsbət nəticə toplayan hüquqşünaslar Rəyasət Heyətinin iclasında and içərək kollegiyaya qəbul olunacaqlar.

Kollegiyaya qəbul olunmuş hüquqşünaslar Ədliyyə Akademiyasında 1 aylıq tədris kursu keçəcək və sonra fəaliyyətə başlayacaqlar.

Kollegiyaya qəbul üçün keçirilən test imtahanında iştirak edən namizədlərdən 177 nəfəri 60 və daha çox bal toplayaraq ikinci mərhələdə iştirak etmək hüququ qazanıblar.

Müsabiqənin söhbət mərhələsi Vəkillər Kollegiyası tərəfindən aparılır.

Hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır.

Şifahi müsahibə zamanı namizədlərə hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən, o cümlədən hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilir.

Namizədin cavabları "məqbul" və ya "qeyri-məqbul" kimi qiymətləndirilir. Şifahi müsahibənin nəticələri hər gün sonuncu namizədlə müsahibə başa çatdıqdan sonra dərhal elan edilir.

Azərbaycan vəkillərin sayına görə Avropa ölkələri sırasında sonuncu yerlərdə durur. Məlumata görə, Azərbaycanda əhalinin hər yüz min nəfərinə 5 vəkil düşür.

Hazırda Azərbaycanda 800-ə yaxın vəkil var.

Xəbər lenti

Xəbər lenti