Azərbaycan, Bakı, 13 dekabr / Trend müxbir M.Əliyev/
Azərbaycan Milli Məclisinin çərşənbə axşamı keçirilən iclasında bir sıra rayonların inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi təsdiq olunub.
Trend-in məlumatına görə, iclasda Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazisində yerləşən Sadıllı, Cavadxan, Məhsəti, Natəvan, Şıxzamanlı yaşayış məntəqələrinə qəsəbə statusu verilib.
Həmçinin dəyişikliklərə əsasən, İsmayıllı rayonunun Mican, Qəzli və İsmayıllı kəndləri ləğv edilərək İsmayıllı şəhərinin inzibati ərazisinə birləşdirilib.
Digər dəyişikliyə görə, Xaçmaz rayonunun İlxıçı kəndi Niyazoba bələdiyyəsinin tərkibindən çıxarılaraq İlxıçı Həsən Əfəndi bələdiyyəsinin tərkibinə daxil edilib.
İnzibati ərazi vahidlərinə dəyişiklik edilməsi ilə bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"na dəyişikliklər edilib.