...

İranda gənclər arasında infarkt hallarının sayı artıb

Cəmiyyət Materials 14 Dekabr 2011 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr / Trend müxbir T.Cəfərov/

İranda gənclər arasında ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin və infarkt hallarının sayı artıb. Ötən iyirmi il ərzində ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin əksəriyyəti 50-60 yaş arasında olan şəxslər idisə, indi bu hal yaşı 30-dan aşağı olan gənclərdə daha çox müşahidə edilir. Trend-in məlumatına görə, bu barədə İranın MEHR xəbər agentliyi məlumat verir.

Məlumatda bildirilir ki, gənclər arasında ürək-damar xəstəliklərinin və infarktların sayının artmasına səbəb əsasən düzgün qidalanmamadır.

Ölkədə gənclər arasında ürək-damar xəstəlikləri təhlükəli həddə çatıb və İranda infrarktdan ölənlərin sayı dünya ölkələri ilə müqayisədə daha çoxdur. Bunu İranın Ürək-damar xəstəlikləri Birliyinin rəhbəri Firudin Nuhi deyib.

Onun sözlərinə görə, statistikaya əsasən, İranda ölüm hallarının 33-38 faizi ürək-damar xəstəlikləri ilə əlaqədardır.

İranın səhiyyə naziri xanım Mərziyyə Vəhid Dəstcerdi isə bildirib ki, İranda 30 yaşdan yuxarı əhalinin kişilər arasında 1,8 faiz, qadınlar arasında isə 1,2 faizində ürək-damar xəstəlikləri müşahidə olunur. "Ölkə əhalisindən kişilərin 43 faizi, qadınların isə 38 faizi artıq çəkidən əziyyət çəkir", - xanım Dəstcerdi deyib.

Məlumatda şəkərli diabet, zob xəstəlikləri, hərəkətin məhdudluğu, düzgün qidalanmama ürək-damar xəstəliklərinin artmasına səbəb olan amillər kimi göstərilib.

Xəbər lenti

Xəbər lenti