Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir H.Vəliyev/
KATV1 kabel televiziyası operatoru kabel internet xidmətlərini göstərməyə başlayıb. Bu barədə cümə axşamı Trend-ə operatorun mətbuat xidmətinin rəhbəri Hüseyn Hüseynzadə deyib.
Kabel internet xidmətləri ayın sonunadək KATV1 şəbəkəsinin istifadəçiləri üçün əlçatan olacaq.
Hüseynzadə bildirib ki, xidmətlərin dəyərinə gəldikdə, baza yayım paketi ilə 2 Mbit/saniyəlik minimum paket 16 manata başa gələcək. Bu gün baza yayım paketinin qiyməti 9 manat təşkil edir.
Onun sözlərinə görə, şirkət tərəfindən korporativ səviyyədə aparılan internet xidmətlərinin test sınaqlarının nəticələri olduqca uğurlu olub.
"Hazırda Bakı şəhərinin Nərimanov rayonunda, eləcə də 1-ci və 9-cu mikrorayonlarda xidmət göstərilir. Paytaxtın bu rayonlarında yaşayan abunəçilər artıq yaxın müddətdə kabel internet xidmətlərinə qoşula biləcəklər", - Hüseynzadə bildirib.
Hüseynzadənin əvvəl dediyinə görə, xidmətlər işə salındıqdan sonra kabel modemləri abunəçilərə pulsuz şəkildə veriləcək. Bir şərtlə ki, onlar birbaşa KATV1 şəbəkəsində istifadə edilsin.