Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.Mehdiyev/
"İrəli" İctimai Birliyi bu il Bakıda keçiriləcək "Eurovision 2012" mahnı yarışmasının təşkilində iştirak etmək üçün könüllülərin qəbulunu elan edib.
Birliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata gorə, təşkilatın rəsmi səhifəsində yerləşdirilən "online" anket vasitəsilə 1019 nəfər gəncin könüllülük üçün müraciəti qəbul olunub.
Qəbul olunan müraciət formalarına ilkin baxışdan sonra, müraciət edənlər 2-6 yanvar 2012-ci il tarixləri arasında "İrəli" Gənclik Mərkəzində təşkil olunmuş könüllülər üçün müsahibə mərhələsinə çağırılıb.
Müsahibə mərhələsində xarici dil bilikləri, ünsiyyət bacarığı, intellektual səviyyəsi, dünya görüşü və digər xüsusiyyətlərə görə fərqlənən 418 nəfər "Eurovision 2012" yarışmasının təşkilində könüllü olmaq şansını qazanıb. Müəyyən edilmiş könüllülərin siyahısı www.ireli.az saytının elanlar bölməsində yerləşdirilib.
Seçilmiş könüllülər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunacaq xüsusi hazırlıq kurslarına qatılacaqlar.