...

Azərbaycan Mətbuat Şurası illik hesabatını açıqlayıb

Cəmiyyət Materials 12 Yanvar 2012 13:25 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası illik hesabatını açıqlayıb
Azərbaycan Mətbuat Şurası illik hesabatını açıqlayıb

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir E.Mehdiyev/

2011-ci ildə Azərbaycan Mətbuat Şurasına ümumilikdə 651 müraciət daxil olub. Müraciətlərdən 295-i ayrı-ayrı vətəndaşlardandır. 196 müraciət isə dövlət idarə, müəssisə və təşkilatlarına məxsusdur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ötən ilin yekunlarına dair keçirilən iclasda Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, özəl müəssisələrdən daxil olan müraciətlərin sayı 74-dür. 48 müraciət ictimai qurumlardandır. Yerli özünüidarəetmə orqanlarından 29, siyasi partiyalardan isə 9 müraciət daxil olub.

Qeyd edək ki, 2010-cu ildə bu rəqəmlər müvafiq olaraq 287, 203, 70, 68, 39 və 32 təşkil edib.

MŞ sədri bildirib ki, 651 müraciətdən 499-u kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. Şura Katibliyi həmin şikayətlərlə bağlı cavabdeh və şikayətçi tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 301 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub.

Digər 198 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib.

2011-ci ildə Şuraya daxil olan şikayətlərin 198-i komissiyalarda araşdırılıb. Bunlardan 128-i Şikayətlər üzrə Komissiyada, 54-ü "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında, 7-i Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında, 9-u Sosial Komissiyada araşdırılıb.

Hesabatda o da qeyd olunub ki, şikayətlər üzrə Komissiyada baxılan 128 məsələdən 92-si komissiya səviyyəsində həllini tapıb. Bu şikayətlər üzrə yalnız komissiyanın rəylərinin çıxarılması ilə kifayətlənilib. Digər 36 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib. "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 54 şikayətdən 14-ü barədə rəy verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.

Beləliklə Şuranın İdarə Heyətində müzakirə edilən şikayətlərin sayı 50-dir. Bunlardan Şikayətlər üzrə Komissiyanın rəyinə əsaslanılanların sayı 36, "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası tərəfindən təqdim edilənlərin sayı 14 olub.

2011-ci ildə İdarə Heyəti müxtəlif KİV-lərdəki şikayət motivlərini əsas götürən 33 qərar və 1 xüsusi rəy çıxarıb ki, bunlardan 24-də Şikayətlər üzrə Komissiyanın, 10-da "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının rəylərinə istinad edilib.

İdarə Heyətinin ayrı-ayrı KİV-lərlə bağlı çıxardığı qərarlar onlardan 9-na xəbərdarlıq edilməsini nəzərdə tutub. 15 qərarda KİV-lərin peşə prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 9 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının "qara siyahı"sına salınmasını, 1-i isə yenidən siyahıya qaytarılmasını nəzərdə tutub.

Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında baxılan 7, Sosial Komissiyada baxılan 9 şikayətin hər biri həllini tapıb, bu barədə İdarə Heyətinə müvafiq təqdimat verilib.

Bundan başqa, İdarə Heyətinin cari məsələlərlə bağlı digər 56 qərarı var ki, bunlardan da 7-də "qara siyahı"dakı KİV-lərin oradan çıxarılması ilə bağlı müraciətlərini araşdıran "apellyasiya qrupu"nun təqdimatına əsaslanılıb. Yerdə qalanlar cari məsələlərin başqa istiqamətlərini nəzərdə tutub.

Xəbər lenti

Xəbər lenti