Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün İctimai Teleradionun canlı efirində həyata keçirilən milli seçimlərin səkkizinci həftəsində fasilə yaranacaq.
Trend-in bazar ertəsi İctimai Televiziyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, fasilənin yaranmasına səbəb növbəti həftənin 20 Yanvar - ümummilli matəm gününə təsadüf etməsidir.
Seçimlərin 8-ci həftəsi yanvarın 23-dən start götürəcək.
Yanvarın 27-də milli seçimlərin səkkizinci yarımfinalçısı müəyyən ediləcək.
Milli seçimlərin artıq 7-ci həftəsi keçirilib.
57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.