Azərbaycan, Bakı, 17 yanvar / Trend müxbir İ.İsabalayeva/
Azərbaycanda fərdi uçot sistemində qeydə alınmış şəxslərin sayı 1 milyon 967 min nəfərə çatıb. Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışı zamanı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.
Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində 2011-ci ildə sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsi daha da genişlənib. Fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı ilin əvvəli ilə müqayisədə 166,3 min nəfər, o cümlədən muzdla işləyənlər üzrə 114 min 633 nəfər artıb.
"Ötən il sosial sığorta haqları üzrə gəlirlər 2010-cu ilə nisbətən 10,8 faiz artaraq 1 milyard 230 milyon manat olub. Sosial sığorta daxilolmalarının 58,6 faizi qeyri-büdcə təşkilatlarının payına düşüb, onların ödədiyi sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,5 faiz və ya 80 milyon manat artıb", - Müslümov iclasda bildirib.
Fond sədri qeyd edib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi daha da gücləndirilmiş, fiziki şəxslərdən daxilolmalar 14 faiz, torpaq mülkiyyətçilərinin ödəmələri isə 13 faiz artıb. İl ərzində dövlət büdcəsinin transferti proqnozlaşdırılan həcmdə, yəni 886 milyon manat təşkil edib.