...

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən test imtahanının yekun nəticələri açıqlanıb

Cəmiyyət Materials 17 Yanvar 2012 15:28 (UTC +04:00)
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ötən il oktyabrın 4-ü, 21-i və noyabrın 4-də 97 dövlət orqanı üzrə 888 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan olunan müsabiqənin test imtahanının statistik göstəricilərini açıqlayıb.
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən test imtahanının yekun nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ötən il oktyabrın 4-ü, 21-i və noyabrın 4-də 97 dövlət orqanı üzrə 888 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan olunan müsabiqənin test imtahanının statistik göstəricilərini açıqlayıb.

Komissiyadan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, test imtahanı ötən il noyabrın 25-dən bu il yanvarın 14-dək keçirilib. Test imtahanında ilk olaraq inzibati vəzifələrin 6-7-ci, sonra isə 8-9-cu təsnifatları üzrə qeydə alınmış namizədlər iştirak edib.

Müsabiqədə iştirak etmək üçün 5286 namizəd qeydə alınıb. Onlardan 1258 nəfəri (bütün namizədlərin 23,80 faizi, test imtahanında iştirak edən 4059 namizədin 30,99 faizi) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla başa vuran namizədlərdən 535 nəfəri 6 və ya 7-ci, 392 nəfəri 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. Namizədlərin 331 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplaya biliblər.

Namizədlərdən 1227 nəfəri (bütün namizədlərin 23,21 faizi ) test imtahanında iştirak etməyib. Bunlardan 249 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 128 nəfəri İqtisadi İnkişaf Nazirliyi, 88 nəfəri Dövlət Sosial Müdafiə Fondu, 69 nəfəri isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə qeydə alınmış namizədlərdir.

Test imtahanının nəticələrinə görə, daha çox namizədin uğur qazandığı dövlət orqanları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.

Xəbər lenti

Xəbər lenti