...

Xəzərin Azərbaycan sektorunda aparılan ekoloji monitorinqlərin nəticəsi açıqlanıb

Cəmiyyət Materials 23 Yanvar 2012 10:13 (UTC +04:00)
Xəzərin Azərbaycan sektorunda aparılan ekoloji monitorinqlərin nəticəsi açıqlanıb
Xəzərin Azərbaycan sektorunda aparılan ekoloji monitorinqlərin nəticəsi açıqlanıb

Azərbaycan, Bakı, 23 yanvar / Trend müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (XKEMİ) 2011-ci il ərzində Xəzər dənizinin Azərbaycan sektorunun sahil zolağında (şimaldan-cənubadək), çimərlik ərazilərində, eləcə də, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş koordinatlar üzrə açıq dənizdə 1441 ekoloji monitorinq keçirib.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, monitorinqlərin məqsədi dənizdə və sahil zolağında fəaliyyət göstərən, birbaşa və ya dolayı yolla (kollektor, kanal, çay və s. vasitəsilə) Xəzər dənizinə antropogen təsir göstərən müəssisələrdə formalaşan bütün növ (maye, qaz, bərk və s.) tullantıların dəniz suyuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi təsirləri təhlil və tədqiq edərək məlumat toplamaq, onların minimuma endirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə nail olmaqdır.

Monitorinqlərdə Xəzər dənizi ilə əlaqəsi olan 265 axar qeydə alınıb və bu axarlardan götürülmüş nümunələr üzərində mütəmadi olaraq müvafiq təhlillər aparılıb.

Tədqiqatlar zamanı hidrotexniki qurğuların, istismara yararsız estakadaların sökülərək sahilə daşınması, Bakı buxtasından batmış və yarımbatmış gəmilərin çıxarılması, buxta ərazisində atılmış köhnə neft quyularının birdəfəlik ləğv edilməsi işləri görülüb. Həmçinin, Bibiheybət buxtasında neftlə çirklənmiş ərazilərdə rekultivasiya işlərinin aparılması və yaşıllıqların salınması, Hövsan kanalının müəyyən hissəsinin qapalı sistemə keçirilməsi, yeni çirkab sutəmizləyici qurğuların istismara verilməsi və s. işlər həyata keçirilsə də, istirahət zonası və çimərlik əraziləri ilə zəngin olan Xəzər dənizinin şimal və cənub sahil zolaqlarında mərkəzləşdirilmiş kanalizasiya şəbəkələrinin olmaması, eləcə də formalaşan tullantıların (maye, qaz, bərk və s.) idarə edilməməsi ötən ildə də müşahidə edilib.

Mövsümlə əlaqədar Abşeron yarımadasının sahil zolağı boyu çimərlik ərazilərində razılaşdırılmış cədvəl əsasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının birgə iştirakı ilə monitorinqlər keçirilib, müxtəlif çimərlik ərazilərindən su nümunələri götürülərək, onların üzərində laborator müayinələr aparılıb.

Laborator analizlərə əsasən, modul tipli çirkab sutəmizləyici qurğular quraşdırılmış ərazilərdə mikrobioloji baxımdan dənizdə bağırsaq çöpü bakteriyalarının miqdarı norma daxilində olduğu müəyyən edilib. Çimərlik ərazilərində keçirilmiş birgə monitorinqlərin nəticələrinə görə, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil və Sumqayıt çimərlikləri istisna olmaqla digər çimərlik ərazilər istifadəyə yararlı olub.

Xəbər lenti

Xəbər lenti