Azərbaycan, Bakı, 25 yanvar / Trend müxbir İ.İsabalayeva/
Azərbaycan sinoptikləri ölkə ərazisində havanın kəskin soyuqlaşacağı barədə xəbərdarlıq yayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, yanvarın 25-i axşamdan 29-u gündüzədək Bakı və Abşeron yarımadasında hava şəraitinin güclü küləkli və soyuq keçəcəyi gözlənilir.
Bu müddətdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Yanvarın 27 və 28-də bəzi ərazilərdə qarın intensivləşəcəyi ehtimalı var.
Yanvarın 26 və 27-də havanın temperaturunun gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacağı gözlənilir.
Yanvarın 28-də havanın temperaturu bir qədər də aşağı enəcək.
Şimal-qərb küləyi saniyədə 10-15 metr sürəti ilə əsəcək, arabir küləyin sürəti 20-25 metrədək güclənəcək.
Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar yollar buz bağlayacaq.
Qeyri-sabit hava şəraiti Azərbaycanın əksər ərazilərində də hökm sürəcək.