...

"Eurovision"a gələcək nümayəndələr Bakının xüsusi seçilmiş hotellərində yerləşdiriləcəklər

Cəmiyyət Materials 27 Yanvar 2012 14:34 (UTC +04:00)
"Eurovision-2012" mahnı müsabiqəsində iştirak üçün Bakıya gələcək nümayəndə heyətləri paytaxtın xüsusi seçilmiş hotellərində yerləşdiriləcəklər.
"Eurovision"a gələcək nümayəndələr Bakının xüsusi seçilmiş hotellərində yerləşdiriləcəklər

Azərbaycan, Bakı, 27 yanvar / Trend müxbir İ.İsabalayeva/

"Eurovision-2012" mahnı müsabiqəsində iştirak üçün Bakıya gələcək nümayəndə heyətləri paytaxtın xüsusi seçilmiş hotellərində yerləşdiriləcəklər. Bunu cümə günü Trend-ə "Eurovision-2012" mahnı müsabiqəsinin İşçi Qrupunun sədri Adil Kərimli deyib.

Onun sözlərinə görə, qonaqları yerləşdirmək üçün hotellərin siyahısı hazırlanacaq. Bu siyahıya hazırda Bakıda fəaliyyət göstərən hotellərlə yanaşı, yeni tikilən və həmin vaxtadək istifadəyə veriləcək hotellər də daxil ediləcək.

Kərimlinin sözlərinə görə, qonaqların yerləşdirilməsi üçün paytaxtda fəaliyyət göstərən hotellərin əksəriyyətindən istifadə etmək nəzərdə tutulur. Siyahıya daxil ediləcək hotellərin şəraitləri tələb olunan standartlara cavab verməli və onun kateqoriyası olmalıdır.

O, bildirib ki, qonaqların bütün kateqoriyalı, yəni həm "beş", həm "dörd", həm də "üç" ulduzlu hotellərdə yerləşdirilməsi nəzərdə tutulub.

İşçi qrupunun rəhbəri "Eurovision"un biletləri ilə bağlı məlumatların fevralın sonunda açıqlanacağını da qeyd edib.

Mədəniyyət və Turizm Nazirliyinin ötən il verdiyi məlumata görə, ölkədə 315 mehmanxana və mehmanxana tipli obyekt lisenziya ilə fəaliyyət göstərir. Onların 115-i Bakı və Abşeronun payına düşür.

Respublikadakı hotellərin 15-i "beş ulduzlu"dur. Onların 13-ü Bakıdadır. Respublikada 37 "dörd ulduz"lu hotel fəaliyyət göstərir ki, onun 21-i Bakıda, qalanları regionlardadır.

"Üç ulduz"lu 21 hoteldən 13-ü Bakıdadır.

Ölkə üzrə ümumilikdə "iki ulduz"lu 3 hotel fəaliyyət göstərir. Onun 1-i paytaxtdadır.

Xəbər lenti

Xəbər lenti