...

Azərbaycanın bəzi cəzaçəkmə müəssisələrində yaranan istilik problemi aradan qaldırılır

Cəmiyyət Materials 1 Fevral 2012 11:30 (UTC +04:00)
Azərbaycanda cəzaçəkmə müəssisələrinin bir neçəsinin istiliklə təmin olunmasında yaranmış problemlərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülür.
Azərbaycanın bəzi cəzaçəkmə müəssisələrində yaranan istilik problemi aradan qaldırılır

Azərbaycan, Bakı, 1 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda cəzaçəkmə müəssisələrinin bir neçəsinin istiliklə təmin olunmasında yaranmış problemlərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülür.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə bildirilib ki, 2, 5 və 16 saylı cəzaçəkmə müəssisələrinin istiliklə təmin olunmasında ciddi problemlər var. Həmin problemin həlli məqsədilə hər üç müəssisənin istilik sistemi yenidən qurulur. PX-dən bildirilib ki, həmin müəssisələrdə mərkəzləşdirilmiş istilik sistemi qurulacaq.

Şöbədən verilən məlumata görə, xidmət rəisi müəssisələrin qışa hazırlığı ilə bağlı əmr imzalayıb.

Həmin əmrə əsasən, müəssisələrdə qışa hazırlıqla bağlı bütün tədbirlər həyata keçirilib, müəssisələrin dam örtükləri təmir olunub, məhkum yataqxanaları təmiz hava axını və normal istiliklə təmin olunub.

Müəssisələrin əksəriyyətində mərkəzləşdirlimiş istilik sistemi qurulub, digərlərində isə yataqxanaların isidilməsi üçün yağ radiatorları, qaz sobaları qoyulub.

Xidmətdən bildirilib ki, hazırda məhkumların qaldığı otaqların isidilməsi ilə bağlı problemlər yoxdur.

Xatırladaq ki, Azərbaycanda 39 penitensiar müəssisə var. Onlardan 17-si cəzaçəkmə müəssisəsi, 3-ü istintaq təcridxanası, 1-i həbsxana, 14-ü məntəqə tipli müəssisədir.

Hazırda ölkə ərazisində havanın temperaturu iqlim normasından 2, Bakıda isə 2,6 dərəcə aşağıdır.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevral ayının ilk günlərində və ayın ikinci ongünlüyündə temperaturun iqlim normasından aşağı enəcəyi proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Fevralın 2-də hava şəraitinin yenidən kəskinləşəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, fasilələrlə qar yağacağı gözlənilir.
Fevralın 2-də Bakıda güclü şimal qərb küləyi ilə müşahidə edilən qar yağacaq, şaxta olacaq.

Xəbər lenti

Xəbər lenti