...

Bakıdakı təhsil müəssisələrinin xəritəsi hazırlanıb

Cəmiyyət Materials 1 Fevral 2012 12:46 (UTC +04:00)
"2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində müasir texnologiyalar əsasında qurulan interaktiv "Məktəb xəritəsi" proqramı artıq Bakı şəhərində fəaliyyətə başlayıb.
Bakıdakı təhsil müəssisələrinin xəritəsi hazırlanıb

Azərbaycan, Bakı, 1 fevral / Trend müxbir İ.İsabalayeva/

"2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində müasir texnologiyalar əsasında qurulan interaktiv "Məktəb xəritəsi" proqramı artıq Bakı şəhərində fəaliyyətə başlayıb.

Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, xəritədə Bakı şəhərində yerləşən təhsil müəssisələri göstərilib. Eyni zamanda, proqram təminatı vasitəsi ilə məktəblərarası məsafə, təhsil müəssisələrinin təsvirləri, məktəb barədə informasiya və sair kimi məlumatları əldə etmək mümkün olub.

Ötən il ərzində Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan təhsil müəssisələrinin sayı 2011-ci ilin sonuna qədər 1200-ə çatdırılıb.

2011-ci il ərzində "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində respublika üzrə təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeçiliyində olan şəhər və rayon təhsil şöbələrinə 2 min ədəd stolüstü kompyuter dəsti, 500 noutbuk, 500 proyektor və s. informasiya və kommunikasiya texnologiyaları avadanlığı verilib.

Təhsil müəssisələrinə verilən kompyuter avadanlığında 32 min Microsoft Windows XP Pro və Office XP Pro lisenziyalarının, antivirusların və digər istifadədə olan antivirusların lisenziyalarının müddəti uzadılıb.

Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsi prosesi də həyata keçirilib. Respublika üzrə şəhər və rayonlarda 32 000 ədəd kompyuterə texniki xidmət göstərilib.

Bununla yanaşı, müəllimlərin elektron işə qəbulu proqramı hazırlanıb. Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramının internet saytı (www.ict.edu.az) istifadəyə verilib.

Ötən il təhsil sisteminin 21,3 min nəfər pedaqoji heyəti və 355 nəfər texniki heyət də İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi üzrə təlimlərdə iştirak edib. Əlavə olaraq "Elektron məktəb" pilot layihəsində iştirak edən məktəblərin 250 müəllimi üçün daha genişformatlı təlimlər keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən seçilmiş pilot məktəblərin 300 nəfər pedaqoji heyəti üçün "1 şagird-1 kompyuter" layihəsi, 300 nəfər üçün "Həmkara Dəstək" layihəsi, 350 nəfər pedaqoji heyəti üçün "Fənlər üzrə elektron təhsil resurslarının hazırlanması" layihəsi üzrə treninqlər təşkil olunub.

Xəbər lenti

Xəbər lenti