...

Azərbaycanda ötən ay korrupsiya ilə bağlı 200-dən artıq müraciət daxil olub

Cəmiyyət Materials 2 Fevral 2012 15:02 (UTC +04:00)
Bu ilin yanvarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə 226 müraciət daxil olub.
Azərbaycanda ötən ay korrupsiya ilə bağlı 200-dən artıq müraciət daxil olub

Azərbaycan, Bakı, 2 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bu ilin yanvarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə 226 müraciət daxil olub.

İdarədən Trend-ə verilən məlumata görə, şikayətlər əsasən süründürməçilik, vətəndaşlardan qanunsuz olaraq pul tələb olunması, dövlət orqanları tərəfindən ərizə və müraciətlərə baxılmasının gecikdirilməsi və digər qanunsuz hallarla bağlı olub.

Korrupsiya ilə əlaqədar daxil olmuş müraciətlərdən 61-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon Əhalinin Sosial Müdafiəsi mərkəzlərindən və zona Tibbi Sosial Ekspert komissiyalarının fəaliyyəti ilə, 40-ı daxili işlər orqanları, 19-u səhiyyə, 18-i yerli icra hakimiyyəti orqanları, 12-si bələdiyyələrin fəaliyyəti ilə, 10-u təhsil və digər sahələr üzrə olub.

Həmin müraciətlərdən 28-i üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində hazırda araşdırma aparılır.

Müraciətlərdən 165-i "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Qanunun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə araşdırılması üçün müvafiq nazirlik, komitə və yerli icra hakimiyyəti orqanlarına, 33-ü nəzarətə götürülməklə, tədbirlər görülməsi üçün aidiyyəti üzrə rayon və şəhər prokurorluqlarına göndərilib.

İdarə gələcəkdə də "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətlər üzrə qanunla nəzərdə tutulmuş zəruri tədbirlərin görülməsini təmin edəcək.

"Qaynar xətt" əlaqə mərkəzi korrupsiya halları ilə bağlı müraciət və şikayətlərin qəbul edilməsi məqsədi ilə 2011-ci ilin mart ayından yaradılıb.

"Qaynar xətt" vasitəsilə vətəndaşlara istirahət və bayram günləri də daxil olmaqla, sutkanın 24 saatı ərzində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə birbaşa və maneəsiz, ödəniş olaraq korrupsiya halları barədə şikayət etmək imkanı yaradılıb.

Xəbər lenti

Xəbər lenti