Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir M.Əliyev/
Bakı şəhər Baş Polis İdarəsi, eləcə də rayon polis idarələri cibgirlərə qarşı mübarizəni gücləndirilib. Trend-in məlumatına görə, İdarənin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayev bildirib ki, cibgirliyin qarşısını almaq üçün paytaxtın bütün rayonlarında əməliyyat qrupları fəaliyyət göstərir.
Əvvəllər cibgirlik cinayətləri törətməkdə şübhəli bilinən 282 nəfərin siyahısı tərtib edilərək fotoalbom yaradılıb. Bu şəxslərdən 230 nəfəri əvvəllər analoji cinayətlərə görə məhkum olunublar.
İdarə rəisinin sözlərinə görə, 2012-ci ilin yanvar və fevral ayının ilk ongünlüyü ərzində Bakı şəhəri ərazisində cibgirlik cinayətləri törətməkdə şübhəli bilinən 73 nəfər yaxalanıb. Onların 71 nəfəri barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib və cinayət məsuliyyətinə cəlb olunublar. 2 qadın cibgirdən isə başqa yerə getməmək barədə iltizam alınaraq sərbəst buraxılıb.
Cibgirlikdə şübhəli bilinərək tutulmuş bu şəxslər 5 soyğunçuluq, 6 oğurluq, 61 fakt qanunsuz narkotik vasitələrin qəbulu, saxlanılması və daşınmasında, 1 fakt isə qanusuz odlu silah daşıma və gəzdirmə cinayətlərində də təqsirli biliniblər.