...

Son 5 ildə cəzaçəkmə müəssisələrinə 280-dən artıq başçəkmə həyata keçirilib

Cəmiyyət Materials 16 Fevral 2012 16:00 (UTC +04:00)
Ədliyyə naziri yanında İctimai Komitə tərəfindən fəaliyyət göstərdiyi 5 il ərzində cəzaçəkmə müəssisələrinə 280-dən artıq başçəkmə həyata keçirilib.
Son 5 ildə cəzaçəkmə müəssisələrinə 280-dən artıq başçəkmə həyata keçirilib

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir K.Zərbaliyeva/

Ədliyyə naziri yanında İctimai Komitə tərəfindən fəaliyyət göstərdiyi 5 il ərzində cəzaçəkmə müəssisələrinə 280-dən artıq başçəkmə həyata keçirilib. Bu başçəkmələrdən 22-si komitənin sonuncu tərkibi tərəfindən həyata keçirilib.

Trend-in məlumatına görə, bu barədə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev bu gün komitə üzvlərinin Seçki Komissiyası ilə hesabat görüşündə məlumat verib.

O bildirib ki, başçəkmələr zamanı məhkumların hüquqlarının daha etibarlı qorunmasına, saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların islah edilməsinə, ictimai faydalı əməyə cəlb olunmasına, asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirilib.

Başçəkmələr zamanı hesabatlar hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunur. Hesabatda cəzaçəkmə müəssisələrindəki problemlər, nöqsanlar və müsbət nəticələr əksini tapır. Nöqsan və problemlərin aradan qaldırılması məqsədilə nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə komitəyə yazılı məlumatlar verilir.

Nuriyev deyib ki, komitənin əsas vəzifələrindən biri məhkumlara hüquqi yardım göstərilməsi olub. Komitənin son 1 illik fəaliyyəti dövründə 360-dan artıq məhkuma hüquqi yardım göstərilib.

Koordinator deyib ki, Azərbaycanın penitensiar sistemində ictimai nəzarət təcrübəsi nümunəvi model kimi qəbul olunaraq bəzi ölkələrdə tətbiq olunur.

İctimai Komitə 2006-cı ildən fəaliyyət göstərir. Tərkibi 11 üzvdən ibarətdir. Komitə insan hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lərdən təşkil olunub. Sayca beşinci tərkib olan sonuncu tərkibə 10 nəfər daxildir.

Xəbər lenti

Xəbər lenti