Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir M.Əliyev/
Qafqaz Müsəlmanları İdarəsinin sədri şəhidlərin əşyalarından ibarət xatirə guşəsi yaradılmasını təklif edib.
"Yaxşı olardı ki, Bakıda istər 20 Yanvar şəhidləri, istərsə də Qarabağ şəhidlərinin əşyalarından ibarət xatirə guşəsi yaradılsın", - Trend-in məlumatına görə, bu təklifi QMİ sədri şeyxülislam hacı Allahşükür Paşazadə Xocalı faciəsinin 20 illiyi ilə bağlı İdarədə keçirilən konfransda irəli sürüb.
O qeyd edib ki, dünya ölkələrinin tarixində belə nümunələr olub.
"O dövrü görməyən indiki gənclərimiz və gələcək nəsillərimiz bu güşəyə gələrək torpaqlarımız uğrunda ölən şəhidlərimizi yad edərlər. Elə şəhidlərimiz var ki, onların cəsədləri dəfn edilməsi üçün ya tapılmayıb, ya da tikə-tikə olduğundan toplamaq mümkün olmayıb. Amma onların təbii ki, yadigar qalan hansısa əşyaları var və onları böyük bir guşədə toplamaq yaxşı olardı. Bizim gələcək nəslin belə rəmzi mərkəzə ehtiyacı var", - şeyxülislam vurğulayıb.
QMİ sədri onu da deyib ki, elə şəhidlərimiz var ki, onların qanlı paltarlarından, hansısa əşyalarından, yaxud çəkilən şəkillərindən bu gün ermənilər adını "Sumqayıt qırğını" qoyaraq bizə qarşı istifadə edirlər. O, buna misal kimi şəhid olan qohumlarının başına gələn hadisəni danışıb. "Buna görə də biz şəhidlərimizin cəsədləri ilə bərabər onlardan yadigar qalan hər bir şeyə sahib çıxmalıyıq", - Paşazadə əlavə edib.