Azərbaycan, Bakı, 3 mart / Trend müxbir M.Əliyev/
Azərbaycan Milli Məclisində "Yazılı abidələrlə haqqında" qanun layihəsi hazırlanıb.
Qanun layihəsinin müəllifi, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov Trend-ə bildirib ki, qanun Azərbaycanda olan yazılı abidələri, tarixi sənədləri qorumağa yönəlib.
Onun sözlərinə görə, qanun dörd istiqaməti əhatə edir - Azərbaycanın əlyazma sərvəti, səs yazıları sərvəti, film yazıları sərvəti, daş yazıları.
"Əlyazma sərvəti Nəsrəddin Tusi kimi alimlərin, tarixçilərin əlyazma əsərlərinin qorunmasına yönələcək. Azərbaycanın XX-ci əsrin əvvəlindən vallarda saxlanılan xeyli qiymətli musiqi eksponatları var, həmçinin filmotekanın arxivində dəyərli yazılar saxlanılır. Onların da qanunla qorunmasına ehtiyac var", - Hüseynov bildirib.
Komitəni sədr müavinin sözlərinə görə, xüsusən də Qobustan rayonu ərazisində, daşlar üzərində həkk olunmuş yazılar da Azərbaycanın tarixi sərvətidir.
Hüseynov qeyd edib ki, bunun yalnız mənəvi tərəfdən deyil, siyasi baxımdan da böyük əhəmiyyəti var.
"Alban dövrünün abidələrinə ermənilər özününküləşdirməyə çalışırlar. Onların gələcəkdə qanunla qorunması təmin olunacaq", - Hüseynov deyib.