...

Bakının yaşayış massivindəki sürüşmənin qarşısının tam alınması üçün hökumətə tədbirlər planı təqdim edilib

Cəmiyyət Materials 6 Mart 2012 12:10 (UTC +04:00)
Bakının Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti ərazisindəki sürüşmənin qarşısının tam alınması üçün tədbirlər planı Nazirlər Kabinetinə təqdim edilib.
Bakının yaşayış massivindəki sürüşmənin qarşısının tam alınması üçün hökumətə tədbirlər planı təqdim edilib

Azərbaycan, Bakı, 6 mart / Trend müxbir İ.İsabalayeva/

Bakının Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti ərazisindəki sürüşmənin qarşısının tam alınması üçün tədbirlər planı Nazirlər Kabinetinə təqdim edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev çərşənbə axşamı Trend-ə deyib ki, artıq tədbirlər planının icrası üçün müvafiq qurumlara tapşırıqlar verilib.

Tədbirlər planında sürüşmə zonasının yuxarı hissəsində sürüşməyə səbəb olmuş yeraltı və yerüstü suların yığışdırılması, süxurların nəmliyinin qarşısını almaq məqsədilə Şıxlınskı küçəsi boyunca drenajların tikilməsi, sürüşmə zonasının yuxarı hissəsində yerləşən bütün kanalizasiya, su təchizatı və istilik şəbəkəsi xətlərinin yoxlanılması qeyd edilib.

Yamacın dayanıqlığına təsir edə biləcək insan fəaliyyətinin nəticəsi olan bütün neqativ halların aradan qaldırılması da nəzərdə tutulur. Tədbirlər planında yamacın dayanıqlığına təsir göstərə bilən fəaliyyət növünün məhdudlaşdırılması öz əksini tapıb.

Niftiyev deyib ki, sürüşmə zonasının aşağı hissəsində - Gəncə prospekti boyunca qeyri-qanuni salınmış bostanlar sürüşmənin bir hissəsidir. Orada suvarma işləri aparılır. Tədbirlər planında həmin bostanların ləğv edilməsi və həmin ərazidə suvarmanın dayandırılması nəzərdə tutulur.

Təbdirlər planında qeyd edilib ki, sürüşmə zonasında yaranmış çatlar və oyuqlar boyunca yağış sularının sürüşmə kütləsinə daxil olmasının qarşısını almaq üçün təcili olaraq, həmin yarıq və oyuqlar doldurulsun, dəqiq mühəndis-geoloji tədqiqatlar nəticəsində həmin ərazidə bərkitmə işləri, suvaq vurulması həyata keçirilsin. Bununla yanaşı, həmin ərazidə monitorinq işlərinin bir il ərzində fasiləsiz olaraq davam etdirilməsi, yamacın erroziya prosesinə məruz qalmasını nəzərə alaraq, hamarlama işlərinin aparılması və susuzluğa davamlı ağaçların əkilməsi nəzərdə tutulur.

Niftiyev bildirib ki, ərazidə geoloji-kəşfiyyat işləri başa çatsa da, monitorinqlər davam edir. Bu gün səhər saatlarında aparılan montorinq də ərazidə vəziyyətin stabilləşdiyini göstərir.

"Bakı şəhərinin müxtəlif qurumları tərəfindən də burada yoxlama işləri həyata keçirilir. Hazırda işlər fasiləsiz aparılır. Bu gün səhər saatlarında ərazidə yenidən monitorinq apardıq. Məlum oldu ki, ərazidə stabillik yaranır, buraya daxil olaraq sürüşmə yaradan suların səviyyəsi enir. Bu da çox müsbət haldır", - Niftiyev əlavə edib.

O bildirib ki, yaxın günlərdə sürüşmə ərazisindəki sürüşmə kütləsində bərkidilmə işlərinə də başlanacaq. Hazırda sürüşmə kütləsində artıq yükün götürülməsi prosesi həyata keçirilir, çatlar doldurulur. Yaxın günlərdə ərazidə mühəndis-bərkitmə işlərinə də başlanacaq.

"Hazırda ərazidəki binalar üçün təhlükə yoxdur. Çox sevindirici haldır ki, 63 və 65 saylı binaların üçün ciddi fəsad verə biləcək sürüşmə kütləsi yoxdur. 63 saylı binanın qarşısında sürüşmə kütləsi tam stabil vəziyyətə gəlmədiyi üçün binanın 4 mənzilinə sakinlərin hələ köçürülməməsi qərara alınıb", - Niftiyev əlavə edib.

O, hazırda Bakıdakı digər sürüşmə sahələrində də vəziyyətin stabil olduğunu, son 3 gündə heç bir dinamikanın müşahidə edilmədiyini söyləyib.

Baş mühəndisin sözlərinə görə, rayonlarda da monitorinq aparılan sürüşmə sahələrində hələlik dəyişiklik yoxdur. Amma sürüşmə sahələrində iqlim faktorlarının dəyişməsi ilə əlaqədar olaraq, bu proseslər aktivləşə bilər.

"Tam stabilləşmiş vəziyyətdə olan sürüşmə sahələrimiz çox azdır. Bu, təbiidir. Ancaq güclü fəsad verə biləcək böyük sürüşmə sahələrində hazırda elə bir aktivlik müşahidə olunmur. Ancaq böyük fəsadlar verə biləcək sürüşmə sahələrimiz - Ağsu aşırımı, Bayıl sürüşmə sahəsi, indiki Xətai sürüşmə sahəsi, Əhmədlinin digər sürüşmə sahələri - Bakı şəhəri ərazisindəki sürüşmə sahələrində elə böyük aktivləşmənin yaxın müddətdə baş vermə ehtimalı çox azdır", - baş mühəndis əlavə edib.

Xəbər lenti

Xəbər lenti