...

Azərbaycan qadınları öz xoşbəxtliklərini nə ilə dəyərləndirirlər?

Cəmiyyət Materials 15 Mart 2012 14:27 (UTC +04:00)
Azərbaycan qadınları öz xoşbəxtliklərini ailə ilə qiymətləndirirlər. Qadınlar hesab edirlər ki, yaxşı ailələri varsa, demək xoşbəxtdirlər.
Azərbaycan qadınları öz xoşbəxtliklərini nə ilə dəyərləndirirlər?

Azərbaycan, Bakı, 15 mart / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan qadınları öz xoşbəxtliklərini ailə ilə qiymətləndirirlər. Qadınlar hesab edirlər ki, yaxşı ailələri varsa, demək xoşbəxtdirlər. Bunu cümə axşamı Trend-ə Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru, Aktual Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri Əbülfəz Süleymanlı deyib.

Onun sözlərinə görə, bu qənaətə qadınlar arasında aparılan tədqiqat nəticəsində gəliblər.

Sosioloq hesab edir ki, hər bir ölkənin xoşbəxtliyi müəyyən etmə kriteriyası bir-birindən çox fərqlidir. Qərb ölkələrində xoşbəxtliyin əsas meyarı insanların maddi imkanlarının və gəlir səviyyəsinin yüksək olmasıdırsa, başqa ölkələrdə bu kriteriya qadınların yaxşı ailəsinin olması və ətrafdakılarla yaxşı münasibətlər qurmasıdır.

Tanınmış "The Economist" dərgisinin açıqladığı hesabatla da razılaşmayan Süleymanlı orada Azərbaycan qadınlarının tutduğu mövqenin düzgün prinsiplərlə seçilmədiyini söyləyib.

Qeyd edək ki, "The Economist" 128 ölkə arasında qadınların müasir cəmiyyətdə tutduğu rolla bağlı tədqiqat aparıb. Reytinqdə iqtisadi imkanları daha geniş olan ölkələrin ilk "beşliy"inə İsveç, Norveç, Finlandiya, Belqrad və Avstraliya daxildir. Reytinqdə Gürcüstan 59, Ermənistan 64, Türkiyə 65, Rusiya 66, Azərbaycan isə 90-cı yeri tutub.

Süleymanlı isə bu fikirdədir ki, reytinq hazırlanarkən qadınların maddi imkanlarının yüksək olması, qadınların hər hansı fəaliyyət növü üzrə çalışması əsas götürülüb.

Onun fikrincə, Azərbaycan qadınlarının xoşbəxtliyini bu reytinqə əsaslanaraq müəyyən etmək olmaz. Çünki xoşbəxtlik nisbi anlayışdır. Xoşbəxtlik meyarları qəti olaraq müəyyən edilməyib.

"Aparılmış tədqiqat reallığı əks etdirmir. Çünki tədqiqatda qadınların iş-güc sahibi olması dəyərləndirilib. Gənclər arasında apardığımız araşdırmalarda onlar ideal ailəni xoşbəxtlik kriteriyası kimi göstəriblər. Azərbaycanda bu ənənəvi düşüncə hələ də öz hökmranlığını qoruyub saxlayır", - sosioloq bildirib.

Xəbər lenti

Xəbər lenti