...

Əli Həsənov: Azərbaycan jurnalistikasında əsl yarış mühiti yaranıb

Cəmiyyət Materials 17 Mart 2012 15:20 (UTC +04:00)
Bu gün Azərbaycan jurnalistikasında əsl yarış mühiti yaranıb.
Əli Həsənov: Azərbaycan jurnalistikasında əsl yarış mühiti yaranıb

Azərbaycan, Bakı, 17 mart / Trend müxbir M.Əliyev/

Bu gün Azərbaycan jurnalistikasında əsl yarış mühiti yaranıb. Trend-in məlumatına görə, bunu şənbə günü Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, yaranmış yarış mühiti jurnalistlərin yeni istiqamətdə, yeni sahələrdə araşdırma aparmasına təkan verir.

Həsənov tədbirdə çıxışında Azərbaycanın media işçilərinin bayramını təbrik edərək bildirib ki, Novruz bayramı əsrlərin sınağından çıxmış, əsrlər boyu süzülə-süzülə, təkmilləşə-təkmilləşə xalqımızın içərisində, adət- ənənəsində, həyatında yer alan bir bayramdır.

"Sevindirici haldır ki, artıq üç ildir bir ənənə olaraq Azərbaycan jurnalistləri də bir araya toplanıb özlərinin bayram hisslərini, bayram sevinclərini, bayram təəssüratlarını biri-biri ilə bölüşürlər", - o qeyd edib.

Həsənov bildirib ki, fərdi jurnalist müsabiqəsinin keçirilməsi də bir ənənə halını alıb.

"Neçə illərdi biz Azərbaycanın müxtəlif sahələr üzrə fərqlənən ən qabaqcıl jurnalistika nümayəndələrinə bu və ya digər mükafatlar təqdim edirik. Bu, əlbəttə bir məqsəd deyil, vasitədir. Burda məqsəd Azərbaycan jurnalistlərinin sosial vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir, onlar yaradıcılıqlarına verilən dəyəri, qiyməti hiss etsinlər, Azərbaycan dövlətinin qayğısını daima jurnalistikanın üzərində hiss etsinlər. Və bu məqsədlə neçə illərdir Azərbaycan jurnalistikasının ayrı-ayrı layihələri, mətbuat orqanlarının ayrı-ayrı strukturlarının irəli sürdüyü təşəbbüslər dövlət tərəfindən dəstəklənir. Ümid edirəm ki, bundan sonra da belə olacaq. Ümummilli liderimiz Heydər Əliyev həmişə qeyd edirdi ki, jurnalist fəaliyyəti fədakar bir fəaliyyətdir, jurnalistika əməyi çətin bir əməkdir. Jurnalist başqa sahələrdə olanlardan daha çox çalışmalıdır, daha çox dözümlü olmalıdır və öz fəaliyyətinin nəticəsinə görə bəlkə də yaradıcı insanlar arasında ən az əməkhaqqı alanlar məhz jurnalistlərdir. Odur ki, bu gündə Azərbaycan dövləti bir qayda olaraq yaradıcı insanların fəaliyyətini layiqincə dəstəkləməyə, qiymətləndirməyə çalışır", - PA rəsmisi bildirib.

O vurğulayıb ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə ev tikilir. "Güman edirəm ki, bu il də çatmasaq gələn il o evləri Azərbaycan jurnalistikasında ən çox ehtiyacı olanlara, ən layiqlilərinə təqdim edəcəyik. Bu da onun göstəricisidir ki, dövlətimiz yaradıcı insanların qayğısına qalır", - Həsənov deyib.

PA şöbə müdiri çıxışında bildirib ki, Azərbaycan jurnalistlərinin qələmi ilə dünyada baş verən hadisələrlə tanış oluruq, onların videosu ilə dünyada baş verən hadisələrin bütün təfsilatını öyrənirik.

"Jurnalistlərimiz Azərbaycan cəmiyyətinin idarə olunmasında, ictimai rəyin formalaşmasında, cəmiyyətlə dövlət arasında, cəmiyyətin ayrı-ayrı üzvləri arasında münasibətlərin yaranmasında yaxından iştirak edirlər. Jurnalistlərimiz ən yaxşı nümunələri öz qəzetlərinin səhifələrində, teleradio kanallara çıxarmaqla Azərbaycan cəmiyyətinin formalaşmasında və tərbiyəsində rolu var. Odur ki, bu qəbildən olan insanlara qayğı dövlətin borcudur, siz öz əməyinizə, zəhmətinizə görə Azərbaycan cəmiyyətində hər zaman seçilməlisiniz və bu gün də biz o fərqləndirmənin bir nümunəsini görürük", - o vurğulayıb.

KİVDF-nin təşkil etdiyi müsabiqə barədə danışan Həsənov qeyd edib ki, Azərbaycanın hər jurnalisti özünü bu müsabiqənin qalibiyyətinə layiqli görür, lakin bir dəfə biri qalib gəlir, digər müsabiqədə digəri.

"Bəzən bu müsabiqədən inciyənlər də olur, öz haqqının tapdandığını bəyan edənlər də olur, bəzən doğurdan da belə hadisə baş verir. Hər bir proses müəyyən qədər özündə subyektivlik xarakteri daşıyır. Hər bir proses insan fəaliyyəti ilə bağlıdır. Münsiflər heyəti də insandır, subyektdir, onun da subyektiv baxışları var, prosesin özü də insanlar tərəfindən idarə olunur deyə burada da müəyyən subyektivlik mümkündür. Amma əsas məsələ bu deyil ki, məhz bu dəfə hansı sa jurnalistin əməyi lazımınca qiymətləndirilmədi. Əsas məsələ ondan ibarətdir ki, jurnalistikanın arasında bir yarış mühiti formalaşıb. Jurnalistlərimiz öz yaradıcılıqlarının nümunəsinin dəyərləndirilməsini görə bilirlər və daha yeni axtarışlar, yeni sahələr üzrə yeni yazı nümunələri ortaya qoyurlar", - o bildirib.

PA rəsmisi həmçinin müsabiqə ilə bağlı təkliflərini də səsləndirib.

"Belə düşünürəm ki, Fondun təşəbbüsünü dəstəkləmək lazımdır, Fondun bu sahədə keçirdiyi müsabiqələrin bəlkə sayını artırmaq lazımdır, ola bilsin min manat elə də böyük məbləğ deyil, amma bunu iki yerə bölüb müsabiqə qaliblərinin sayını artırmaq olar, gələcəkdə bəlkə dövlətimizin imkanları artdıqca min manatı saxlamaq şərti ilə qaliblərin sayını 30 yox, 60, 90, 120 etmək olar. Bunlar hamısı sizdən asılıdır, jurnalistlərin rəyindən, tövsiyələrindən asılıdır. Fondun icraçı struktur kimi vəzifəsi ondan ibarətdir ki, jurnalistlərdən gələn təşəbbüsləri ümumiləşdirsin və vahid bir konsepsiya şəklinə salaraq Azərbaycan mediasına dövlət dəstəyini lazımı səviyyəyə gətirsin. Dövlət Dəstəyi Fondunun icraçı direktorunun da vəzifəsi ondan ibarətdir ki, Kütləvi İnformasiya Vasitələrinin maddi, mənəvi həyatının yaxşılaşmasına, jurnalistlərimizin sosial tələbatının ödənilməsinə, jurnalistikanın, medianın inkişafına dövlət dəstəyini lazımı səviyyədə təmin eləsin, bu dəstəyin effektivliyini təmin etsin", - o deyib.

PA şöbə müdiri növbəti Novruz bayramına kimi Azərbaycanı daha böyük uğurlar, daha müvəffəqiyyətli günlər gözlədiyini qeyd edib və ölkədə gedən proseslərdə medianın mühüm rolundan danışıb.

"Bu il Azərbaycan mühüm hadisələrə, böyük transmilli hadisələrə ev yiyəliyi edəcək. Bu yaxınlarda bizi "Avroviziya" yarışması gözləyir. İndiki proqnozlarımıza görə, Bakı şəhərinə 40-50 minə yaxın Avropadan, dünyanın ayrı-ayrı ölkələrindən, o cümlədən qonşu dövlətlərdən qonaqlar gələcək. Bu qonaqların layiqincə qarşılanması, Azərbaycanın qonaqpərvərliyi çərçivəsində onların əzizlənməsi və yola salınması bir millət, dövlət kimi bizim hamımızın borcumuzdur. Azərbaycan bu il BMT-nin ali orqanı olan Təhlükəsizlik Şurasında dünyanı transmilli proseslərinin bilavasitə iştirakçısıdır, dünyada və regionda baş verən hadisələrin bilavasitə istiqamətləndirilməsində iştirak edir. Bu proseslər bizim jurnalistlərin ortaya qoyduğu ideyalar, mətbuatımızda səslənən tezislər, dövlətimizin fəaliyyəti, siyasətimizlə bağlı, xarici ölkələrə münasibətlərlə bağlı yazılar, eyni zamanda bizim dövlətimizə, onun diplomatik qurumlarına əlavə yardımdır, dəstəkdir, köməkdir. Biz bütün sahələrdə fəaliyyətimizi birləşdirməliyik, yaradıcı kəsimdə Azərbaycan cəmiyyətinin digər insanları arasında, digər qurumları arasında əlaqələri getdikcə gücləndirməliyik və dövlətimizə, millətimizə yaxşı nümunələr verməliyik", - o vurğulayıb.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb.

Novruz bayramı münasibətilə keçirilən müsabiqənin 10 istiqamət üzrə keçirildiyini xatırladan Fondun icraçı direktoru Vüqar Səfərli ümumilikdə 94 yazının təqdim edildiyini bildirib. Həmin yazıların 8-i informasiya agentliklərindən, 12-si regionlar, 74-ü isə respublika üzrə yayımlanan qəzetlərin əməkdaşları tərəfindən təqdim olunub. 10 istiqamət üzrə ən çox bal toplamış 3 yazı müəyyənləşdirilib və həmin yazıların müəllifləri səsvermə yolu ilə qalib hesab ediliblər.

Xəbər lenti

Xəbər lenti