...

Ağsu aşırımındakı sürüşmə ilə əlaqədar yollarda nəqliyyatın hərəkəti çətinləşib

Cəmiyyət Materials 26 Mart 2012 11:37 (UTC +04:00)
Ağsu aşırımında baş verən sürüşmələrlə əlaqədar Bakı-Şamaxı-Yevlax magistral yolunun müəyyən hissələrində nəqliyyatın hərəkəti çətinləşib.
Ağsu aşırımındakı sürüşmə ilə əlaqədar yollarda nəqliyyatın hərəkəti çətinləşib

Azərbaycan, Bakı, 26 mart /Trend müxbir İ.İsabalayeva/

Ağsu aşırımında baş verən sürüşmələrlə əlaqədar Bakı-Şamaxı-Yevlax magistral yolunun müəyyən hissələrində nəqliyyatın hərəkəti çətinləşib. Bunu bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.

Onun sözlərinə görə, müəyyən hissələrdə yol olduqca ensiz vəziyyətə gəlib. Nəqliyyatın hərəkətinin dayandırılmaması üçün müəyyən bərpa işləri görülür.

Baş mühəndis bildirib ki, əgər sürüşmənin intensivliyi davam edərsə, mövcud qırılmalar və sürüşmə müstəvilərinin daş hissələrinin yollara doğru hərəkəti davam edərsə, yolun 3 və ya 4 hissəsində nəqliyyatın hərəkəti üçün çətinliyin yaranacağı gözlənilir.

Niftiyev hazırda Ağsu aşırımındakı sürüşmələrdə aktivliyin müşahidə edildiyini söyləyib. Onun dediyinə görə, sürüşmə sahələrinin demək olar ki, hamısında aktivlik qeydə alınır.

Niftiyev deyib ki, Ağsu aşırımında hansısa tədbirlərin görülməsi artıq çox gecdir. Orada dəqiq mühafizə tədbirləri həyata keçirməkdən ötrü olduqca irimiqyaslı, dəqiq mühəndisi-geoloji planlama işləri aparılmalıdır. Bu işlərin həyata keçirilməsi üçün uzun müddət - ən azı, 1 il lazımdır. Ərazidə görüləcək mühafizə tədbirləri də həmin tədqiqatların nəticəsində müəyyən olunacaq.

Baş mühəndis dünən Bakı-Şamaxı-Yevlax magistral yolunun 103 və 156-cı km-liyində aidiyyəti qurumların iştirakı ilə aparılmış monitorinqlərin başa çatdığını və hazırda monitorinqin nəticələri haqqında hesabatın hazırlandığını bildirib.

Qeyd edək ki, Şamaxının Muğanlı kəndindən başlayaraq Bakı-Şamaxı-Yevlax magistral yolunun 131-133-cü km-liyində (Muğanlı kəndi ərazisində) yol tamamilə çöküb. Həmin avtomobil yolunun Ağsu aşırımı ərazisində - 140, 141, 142, 146 km-lərində sürüşmələr olduqca aktivləşib, yollarda çatlar yaranıb, Muğanlı kəndinin girəcəyində sürüşmə yolu çökdürüb.

Xəbər lenti

Xəbər lenti