...

Masazırda sürüşmə və uçqun prosesləri aktivləşib, uçqun artıq evlərə yaxınlaşır

Cəmiyyət Materials 27 Mart 2012 10:14 (UTC +04:00)
Abşeron rayonunun Masazır qəsəbəsində sürüşmə və uçqun prosesləri aktivləşib.
Masazırda sürüşmə və uçqun prosesləri aktivləşib, uçqun artıq evlərə yaxınlaşır

Azərbaycan, Bakı, 27 mart / Trend müxbir İ.İsabalayeva/

Abşeron rayonunun Masazır qəsəbəsində sürüşmə və uçqun prosesləri aktivləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev çərşənbə axşamı Trend-ə bildirib ki, uçqunun qaş hissəsi getdikcə fərdi yaşayış evlərinə yaxınlaşır. Torpaqdan olan axın tipli proseslər - qruntun axması intensivləşir. Artıq bu proseslər bir ev üçün təhlükə yaradıb.

"Uçqun artıq evə çox - 6-8 metr məsafəyədək yaxınlaşıb. Uçqunun altı yuyulub gedir. Yamacın alt hissəsində güclü aşınma prosesləri gedir. O istənilən an qalan həmin 6-8 metrlik kütləni də uçurub apara bilər", - baş mühəndis əlavə edib.

O bildirib ki, Masazırda dünən keçirilmiş monitorinqin nəticələri bu gün Nazirlər Kabinetinə (NK) təqdim ediləcək. Həmin monitorinqin nəticələrinə görə, Masazırda sürüşmə və uçqun prosesləri paralel olaraq baş verir. Orada sürüşmə axma tiplidir. Ərazidəki torpaq çox güclü qrunt suları tərəfindən nəmlənib, axıcı plastik vəziyyətə gəlib. Bunlardan əlavə, ətraf ərazilərdə də yeraltı suların səviyyəsi qalxıb. Axma artıq evlər istiqamətində hərəkət edir.

"Ora lokal sahə olsa da, proseslər intensivdir. Vəziyyət o qədər də xoşagələn deyil", - Niftiyev bildirib.

Baş mühəndis əraziyə daxil olan suların qarşısını almaq üçün yerli bələdiyyə tərəfindən tədbirlərin həyata keçiriləcəyini söyləyib. Onun sözlərinə görə, əraziyə suların daxil olmasının qarşısı alınsa, vəziyyət stabilləşə bilər. NK-ya bununla bağlı bu gün təqdim ediləcək tədbirlər planındakı əsas tədbir də üst və qrunt sularının əraziyə daxil olmasının qarşısını almaqdır.

Niftiyev Bakıdakı sürüşmə sahələrində vəziyyətin stabil olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti