...

Fövqəladə hallar naziri Şamaxıda olub

Cəmiyyət Materials 29 Mart 2012 14:12 (UTC +04:00)
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Şamaxının sürüşmə baş verən Muğanlı kəndində olub.
Fövqəladə hallar naziri Şamaxıda olub

Azərbaycan, Bakı, 29 mart / Trend müxbir K.Zərbalıyeva/

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Şamaxının sürüşmə baş verən Muğanlı kəndində olub.

Şamaxı rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, nazir icra başçısı ilə birgə sürüşmə zonasına baş çəkib, kənd sakinləri ilə görüşüb.

Nazir Heydərov kənd sakinləri ilə görüşdə sürüşmədən ziyan çəkən əhalinin tələblərinin yerinə yetiriləcəyini, qəzalı vəziyyətdə olan evlərin sakinləri üçün yeni evlərin tikiləcəyini deyib.

Qeyd edək ki, ötən əsrin 80-ci illərindən Muğanlı kəndində sürüşmə prosesi başlayıb.

Muğanlı ərazisində əvvəldən 14 ev qəzalı vəziyyətdə olub. Son aktivləşmə nəticəsində isə 32 ev üçün təhlükəli vəziyyət yaranıb. Onlardan 8-i tamamilə qəzalı vəziyyətdədir.

Həmin evlərin sakinləri kənd ərazisində yaşayan yaxın qohumlarının evinə köçürülüb.

Şamaxının Muğanlı kəndindən başlayaraq Bakı-Şamaxı-Yevlax magistral yolunun 131-133-cü km-liyində (Muğanlı kəndi ərazisində) yol tamamilə çöküb. Həmin avtomobil yolunun Ağsu aşırımı ərazisində - 140, 141, 142, 146 km-lərində sürüşmələr olduqca aktivləşib, yollarda çatlar yaranıb, Muğanlı kəndinin girəcəyində sürüşmə yolu çökdürüb.

Bununla əlaqədar olaraq İsmayıllı-Ağsu aşırımı yolunda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb, yol tamamilə bağlanıb.

Xəbər lenti

Xəbər lenti