...

Azərbaycandan ötən ay 1200-ə qədər əcnəbi çıxarılıb

Cəmiyyət Materials 6 Aprel 2012 17:44 (UTC +04:00)
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən ay 1187 əcnəbi vətəndaş ölkədən çıxarılıb.
Azərbaycandan ötən ay 1200-ə qədər əcnəbi çıxarılıb

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən ay 1187 əcnəbi vətəndaş ölkədən çıxarılıb.

DMX-dən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

Keçirilmiş tədbirlər nəticəsində mart ayında 1410 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Onlardan 223 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1027 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 160 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.

Mart ayı ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4349 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti