...

Bakıda Gənc Hüquqşünasların Beynəlxalq Forumu keçiriləcək

Cəmiyyət Materials 24 Aprel 2012 11:16 (UTC +04:00)
Aprelin 26-da başlayacaq Forumun təşkilatçısı Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan Nümayəndəliyidir.
Bakıda Gənc Hüquqşünasların Beynəlxalq Forumu keçiriləcək

Azərbaycan, Bakı, 24 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bakıda Gənc Hüquqşünasların Beynəlxalq Forumu keçiriləcək.

Aprelin 26-da başlayacaq Forumun təşkilatçısı Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan Nümayəndəliyidir.

Nümayəndəlikdən Trend-ə verilən məlumata görə, dörd gün davam edəcək tədbirə Avropanın müxtəlif ölkələrindən 50-yə yaxın gənc hüquqşünas qatılacaq. Forumda ümumilikdə 100 gənc hüquqşünasın iştirakı gözlənilir.

Tədbirin keçirilməsində əsas məqsəd hüquq sahəsində təhsil alan azərbaycanlı tələbələri Avropa hüquq təhsili ilə tanış etmək, onların bu təhsil standartlarına inteqrasiyasına dəstək göstərmək, eyni zamanda tələbələr arasında təcrübə və bilik mübadiləsini dəstəkləməklə onların şəbəkə şəklində formalaşmasını, Avropanın müxtəlif ölkələrindən olan tələbələri Azərbaycan hüquq təhsili barədə məlumatlandırmaq, Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin hüquq tələbələrini bir yerə toplamaq və onların əlaqələrinin möhkəmləndirmək, Avropa ölkələrindən dəvət olunan forum iştirakçılarını Azərbaycan hüquq sistemi və hüquq təhsili ilə tanış etmək, Avropa ölkələri və Azərbaycan tələbələri arasında bilik və təcrübə mübadiləsini dəstəkləməkdir.

Beynəlxalq Forum çərçivəsində ELSA-nın Azərbaycan Nümayəndəliyinin ötən dövr ərzində görülən işlər barəsində təqdimatı dinləniləcək, təşkilat tərəfindən keçirilən Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsinin "Böyük final" mərhələsi keçirililəcək, Azərbaycanda qabaqcıl təhsil müəssisələrinin tələbə kontingenti ilə görüşlər keçiriləcək, "dəyirmi masa"lar təşkil olunacaq və bir sıra hüquq-mühafizə orqanları ilə görüşlər keçiriləcək.

Tədbirin açılış mərasimində Azərbaycan Prezidenti Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) İdarə Heyətinin sədri Əli Hüseynli, həmçinin Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının prezidenti Niuşa Nademi iştirak və çıxış edəcəklər.

Tədbirin rəsmi donoru Azərbaycanın Gənclər və İdman Nazirliyidir.

ELSA-nın Azərbaycan nümayəndəliyinin fəaliyyəti barədə hesabat nitqi ilə nümayəndəliyin rəhbəri Elşən Bayramov çıxış edəcək. Qeyd edək ki, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) müstəqil, qeyri-siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələri təşkilatıdır. ELSA Avropanın 42 ölkəsində, 210 universitetində 30 000-dən çox hüquq tələbələrini və gənc hüquqşünasları özündə birləşdirir. ELSA-nın əsası 1981-ci ildə Avstriya, Macarıstan, Polşa və Almaniyadan olan olan 5 hüquqşünas tələbə tərəfindən qoyulub.

Xəbər lenti

Xəbər lenti