Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/
Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına iddiaçı şəhər olmasına həsr edilən "Birlikdə bacararıq" adı altında fleşmob, fotosərgi və qrafiti şou keçiriləcək. Bu barədə bazar ertəsi Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Dənizkənarı Bulvar ərazisində (Qız Qalasının qarşısında) mayın 1-i saat 19:00-da "Birlikdə bacararıq" simvolunu əks edtirən fleşmob, saat 19:15-də isə "Art Garden"da (İçərişəhər, A.Zeynallı 22) "Birlikdə bacararıq" adlı fotomüsabiqənin nəticələrinə həsr olunmuş fotosərgi və qrafiti şou keçiriləcək.
"Birlikdə bacararıq" adlı fotomüsabiqədə I yerə layıq görülmüş iştirakçı 400 manat, II yerə 300 manat, III yerə isə 2 nəfər iştirakçı 200 manat pul mükafatı qazanacaq və diplomlarla təltif olunacaqlar.
Artıq 14 ildir ki, Avropa Şurasının "Beynəlxalq Mədəni İrs Fotoqrafiya Təcrübəsi" layihəsinin Azərbaycanda keçirilməsinin təmin edilməsi, Azərbaycanın zəngin mədəni irsinin, mənəvi-əxlaqi dəyərlərinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunması, gənclərə Vətənə məhəbbət hisslərinin aşılanması məqsəd ilə respublikanın əksər regionlarını əhatə edən gənc fotoqraflar arasında "Mədəni İrsimiz-Tarixi Dəyərimiz" müsabiqəsi keçirilir.
Müsabiqədə qalib gəlmiş fotoşəkillər hər il İspaniyanın Barselona şəhərinə göndərilir və dünyanın əksər ölkələrində təşkil edilən sərgilərdə nümayiş olunur. Bununla yanaşı, həmin fotoşəkillər tədbirin ümumi kataloqunda nəşr olunur.