...

FHN: Zaqataladakı zəlzələdə evləri dağılanlar üçün yeni evlər tikiləcək

Cəmiyyət Materials 7 May 2012 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir K.Zərbalıyeva/

Zaqataladakı zəlzələdə evləri dağılanlar üçün yeni evlər tikiləcək.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 7-də Zaqatala rayonundan 17 km cənub-qərbdə qeydə alınmış zəlzələ ilə əlaqədar fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin mütəxəssisləri tərəfindən hazırda hadisə zonasına baxış keçirilir.

Nazir artıq Zaqatala rayonunun Muxax, Zəyəm və Bazar kəndlərində olub və oradakı vəziyyətlə tanış olub.

Keçirilmiş ilkin baxışlar nəticəsində adıçəkilən kəndlərin hər birində 20-dək yaşayış evinin ciddi zədələndiyi müəyyən edilib.

Ciddi dağıntıya məruz qalmış evlərin sahibləri üçün yeni evlərin tikilməsi və təmirə ehtiyacı olan evlərdə bərpa-bərkitmə işlərinin görülməsi nəzərdə tutulub.

Zəlzələ nəticəsində dəymiş ziyanın miqyasının müəyyən edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlərin görülməsi davam etdirilir.

Zədələnmiş tikililərin vəziyyətinin müəyyən edilməsi üçün yerlərdə müvafiq komissiyalar fəaliyyətə başlayıb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən evləri ciddi ziyan çəkmiş sakinlər üçün çadırların qurulmasına başlanılıb.

Bölgədəki infrastruktur obyektləri normal iş fəaliyyətini davam etdirir. Son məlumatlara əsasən, zəlzələ nəticəsində ciddi xəsarət alan yoxdur.

Xəbər lenti

Xəbər lenti