...

Gürcüstanda Sona Vəliyevanın "Arazbarı" kitabının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 7 May 2012 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

Gürcüstanın Marneuli şəhərində "Ata Holdinq" idman kompleksində Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının və Gürcüstanlı Azərbaycanlı Gənclər İttifaqının birgə təşkilatçılığı ilə türkçülük günü münasibətilə "Kaspi" qəzetinin təsisçisi, filologiya elmləri namizədi Sona Vəliyevanın "Arazbarı" kitabının təqdimatı və bayram şənliyi keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Gürcüstanlı Azərbaycanlı Gənclərin İttifaqının sədri Leyla Məmmədova türkçülük gününün ilk dəfə Gürcüstanda keçirildiyini qeyd edib. O, belə tarixi günlərin hər il bayram şəklində keçirilməsinin əhəmiyyətindən, bu günün tarixindən və gənclərin milli-əxlaqi ruhda tərbiyə almasında böyük rol oynadığından danışıb. Eyni zamanda, Məmmədova bundan sonra İttifaqın həyata keçirdiyi layihələr sırasına türkçülük gününün bayram kimi hər il qeyd ediləcəyi ilə bağlı da məlumat verib. Xanım Məmmədova türkçülüyün heç bir irqçiliklə bağlı olmadığını, əsrlər boyu türk xalqlarının ədalətin yanında olmasını və fərqli mədəniyyətlərin inkişafına öz töhfələrini verdiklərini də bildirib. "Onu da xüsusi vurğulamaq istəyirəm ki, "3 may türkçülük günü"nün bayram kimi qeyd olunmasını türk düşüncə tərzinin kommunizmə dirəniş göstərdiyi bir tarixi gün kimi qeyd etməyi türk varlığının qorunması kimi dəyərləndirmək olar", - o deyib.

Məmmədova çıxışında gənclərə müraciət də edib. "Bizim siz gənclərdən istəyimiz odur ki, milli kimliyinizi tanıyın, böyük bir tarixi mədəniyyəti olan və dünya sivilizasiyasına töhfələr verən türk olduğunuzu dərk edin, gələcəkdə hansı vəzifə tutmanızdan aslı olmayaraq millətə qulluğu əsl ideya, ən əsas həyat prinsipi seçin. Millətə qulluq üçünsə onun birinci növbədə dilini, ədəbiyyatını, tarixini, mədəniyyətini, adət-ənənəsini, böyük simalarını, tarixi şəxsiyyətlərini, yazıçı və şairləri haqqında bilməlisiniz. Məhz buna görə Azərbaycandakı partnyor təşkilatımız olan Jurnalist Qadınlar Assosiasiyası ilə birlikdə Azərbaycan ziyalılarını sizlərə tanıtmaq və yeni çıxan nəşrlərin Gürcüstanda təqdimatını etmək niyyətindəyik", - Məmmədova bildirib.

Sonda Məmmədova birdirib ki, milli düşüncənin aşılanması və türkçülük ideyalarının təbliğində ziyalı qadınlarımızın rolu danılmazdır. Sona Vəliyeva da belə ziyalı xanımlardandır.

Məmmədova toplantı iştirakçılarına təqdimatının keçirdikləri "Arazbarı" kitabı və kitabın müəllifi filologiya elmlər namizədi Sona Vəliyeva haqqında da qısa məlumat verib.

Toplantıda Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova "Arazbarı" kitabının təqdimatında milli düşüncə və türkçülük ideyalarının gənclərə aşılanması" adlı məruzə ilə çıxış edib.

Yusifova ilk öncə bu tədbirin təşkil olunmasında onlara yaxından dəstək göstərən "Ata Holdinq" idman sarayının rəhbərliyinə təşəkkürlərini çatdırıb. O deyib ki, bir azərbaycanlı kimi soydaşlarımızın Marneulidə yaşayan bütün millətlərin nümayəndələrinin istifadəsinə belə möhtəşəm bir mərkəzi tikib verməsi bizlər üçün böyük iftixar hissi yaradır. Və bir də ona görə təsəkkür edirəm ki, bu mərkəzin qapıları bütün mədəni hadisələrin qeyd edilməsi üçün açıqdır və gənclərin kütləvi tədbirlərinə ev sahibliyi edir.

Türçülük günü ilə əlaqədar qısa məlumat verən AJQA rəhbəri Sevil xanım türk dünyasının inteqrasiyası istiqamətində indiyə kimi atılan addımlar, Azərbaycanın bu proseslərdəki rolundan da danışıb. Yusifova qeyd edib ki, son illər ərzində türk dünyasının birlik və bərabərliyi yolunda mühüm tədbirlər keçirilib.

Çıxışında Yusifova bildirib ki, məhz türkçülük günü münasibətilə düzənlənən bu möhtəşəm tədbirin ilk çığır açanı kimi böyük insan, əsl ziyalı Sona Vəliyevanın seçilməsi heç də təsadüfi deyil. Çünki sizlərə təqdim etdiyimiz "Arazbarı" kitabının müəllifi Sona Vəliyeva da "Vətən deyib yola varan" milli düşüncə insanlarımızdan biridir. Və yaradıcılığını sahib olduğu millətin gənclərinin təlim-tərbiyəsinə həsr etmiş aydınlarımızdandır. Sona Vəliyevanı həm də ona görə sevirik ki, o, tanıdığım ən təvazökar insanlardandır. Bildiyiniz kimi, əsl alimlər heç zaman təbliğata, özünü reklama zaman ayırmayıb və həmişə ciddi işlə məşğul olublar. Sona xanım da məhz belələrindəndir. Məlumat üçün deyim ki, "Arazbarı" kitabının təqdimat mərasiminin keçirilməsini də tərəfimizdən bir həmkar və vətəndaş mövqeyini ortaya qoymaqla gerçəkləşdirmişik.

Sevil Yusifova Vəliyevanın yaradıcılığından danışaraq söyləyib ki, o, klassik türk xanımı və ana kimi yaradıcılığında məhz vətənə sevgini aşılayır. Sona xanım üçün Azərbaycan bütövdür, o taylı-bu taylıdır. Torpaq onun həm anası, həm ata ocağı, həm sevgisi, həm ruhu, həm də qürur hissidir.

Kitabda müəllifin qələmə aldığı onu ağrıdan torpaq həsrəti, bizi qloballaşan dünyamızda həmişə fərqləndirən və qoruyan milli adət-ənənələrimiz, Uca Yaradana və Onun yaratdığı insana, təbiətə irfani eşqi oxucu qəlbini riqqətə gətirir. Heç təsadüfi deyil ki, xalq şairi Sabir Rüstəmxanlı "Arazbarı" kitabı haqqında yazır ki, "bu kitabda analarımızda, bacılarımızda gördüyüm bir Azərbaycan qadınının, Azərbaycanın parlaq obrazı var".

Sona Vəliyevanın şeirlərində vətənpərvərlik duyğuları içdən gəlir. Onun vətənpərvərlik mövzusunda pafos yoxdur. Ana öyüdü və dost harayı var:

Yüz ümid becərsən birisi bitməz,
Qəlbi soyuyanı Günəş isitməz.
Yüz dəfə diləsin Tanrı eşitməz
Sözünü milləti əsir adamın.
İçimiz boşaldı torpaqdan öncə,
Sonra can göründü Vətən yerinə
Öncə can sağlığı deyən kəslərin
Torpağı bölündü bədən yerinə.
Sağlığın, varlığın dəyər ölçüsü
Vətən sərhədidir, Vətən bayrağı.
Uğrunda ölməyi bacarmadıqca
Torpaq unudacaq Vətən olmağı.

Sona Vəliyevanın yaradıcılığının özəyini insanlığa müqəddəs sevgi təşkil edir. Onun ürək sözləri, qəlbinin çırpıntıları məhz bu sevgidən yoğrulub.

"Arazbarı" kitabını oxuduqca gözümüz önündə canlı tablolar yaranır. Şeirlərində şairə xanımın özünü də görürük: ata ocağında uşağa, sönmüş təndirləri ürək odu ilə yandırmağa çalışan, Şuşaya bayraq taxan qardaş axtaran, halal, saf bir Tanrı adamı olan kövrək, amma mətin trk qadını - Sona Vəliyeva.

Vəliyevanın fəlsəfəsinin mahiyyətində isə milli ideologiya durduğu üçün o, ciddi elmi araşdırmalarını, elmi monoqrafiyasını da milli ideologiyaya həsr edib: "Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi".

Alim, araşdırmaçı yazar, publisist kimi "Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası" elmi-publisistik yazıları ilə gənclərimizin soyköklərinə bağlı olması üçün çaba göstərir və onları elmlə "silahlandırır".

"İnanıram ki, azərbaycanlı ziyalı qadınların timsalında Sona Vəliyevanın yaradıcılığı ilə tanışlıq gürcüstanlı soydaşlarımızın, ələlxüsus da siz gənclərin milli kimliyini dərk etməsində və millətlər içində öz imzalarınızın olması üçün göstərəcəyiniz fəaliyyətdə, bu yöndə addımlar atmağınızda bir örnək rolu oynayacaq", - çıxışının sonunda Yusifova söyləyib.

Türk iş adamı Ümid Ökmən, "Günəş" Assosiasiyasının rəhbəri Nizami Məmmədov, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının rəhbəri Musa Hacıyev, ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin mətbuat xidmətinin nümayəndəsi Çingiz Yaqubov, Yuxarı Oruzman kənd orta məktəbinin müəllimi Kamran Xıdırov, "Sarvan" folklor rəqs ansamblının rəhbəri Cəmilə Məmmədova və başqaları çıxış edərək bu tədbirin əhəmiyyətindən danışıblar və təşkilatçılara öz minnətdarlıqlarını bildirərək belə görüşlərin davamlı olmasını arzu etdiklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti