Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İ.İsabalayeva/
Xəzər dənizinin Azərbaycan sektorunda ilk dənizdibi seysmik stansiyaların quraşdırılması üçün iyun ayı ərzində ABŞ-ın "Kinemetrics" şirkətinin mütəxəssisləri ölkəmizə səfər edəcəklər. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən deyiblər.
Mərkəzdən bildirilib ki, səfər zamanı "Kinemetrics" şirkətinin mütəxəssisləri Azərbaycanın yerli mütəxəssislərini işə cəlb etməklə dənizdibi stansiyaların quraşdırılması üçün bir sıra hazırlıq işləri görəcək, ölçmə işləri aparacaqlar.
Stansiyanın özünün isə yaxın 3-4 ay ərzində quraşdırılması nəzərdə tutulur.
Stansiyalar "Şahdəniz", "Ümid", "Azəri" yataqlarının ətrafında dəniz dibində quraşdırılacaq.
Xəzərin Azərbaycan sektorunda dənizdibi stansiyaların quraşdırılması məqsədilə ötən il Azərbaycan tərəfi ilə ABŞ-ın "Kinemetrics" şirkəti arasında müqavilə bağlanıb.