Azərbaycan, Bakı, 15 may /Trend, müxbir M.Əliyev/
Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə olaraq Azərbaycanda ilk dəfə reallaşdırdıqları tələbələr arasında "Univision" mahnı müsabiqəsinin bu gün yarımfinal mərhələsidir. Bu barədə çərşənbə axşamı Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat daxil olub.
Tədbir saat 19:00-da Heydər Əliyev Sarayında gerçəkləşəcək.
İki mərhələdə keçiriləcək yarışmanın finalına 24 universitetdən 10-u vəsiqə qazanacaq. Qalibləri müəyyən edən final 17 may tarixində baş tutacaq. 1-ci yerin qalibinə "Univision" layihəsinin xüsusi kuboku və 3000 AZN təqdim ediləcək.
Bundan əlavə, qalib şəxs (ifaçı və ya qrup) ATGTİ-nin fəaliyyətinə geniş şəkildə cəlb ediləcək və təşkilatın müəyyən layihələrinin siması olacaq. Müsabiqənin devizi qalibiyyətin, ali təhsil ocağında birinciliyin işarəsi olaraq "Birinci ol" adlandırılıb.
Növbəti illərdə yarışmanın MDB məkanına çıxarılması nəzərdə tutulub. Bununla yanaşı, Avropa universitetlərinin də "Univision" tələbə mahnı müsabiqəsinə qoşulması istiqamətində müəyyən işlər aparılır.