...

Nizami Cəfərov: Xarici ölkələrdə Azərbaycanın mədəniyyət mərkəzləri yaradılmalıdır

Cəmiyyət Materials 18 May 2012 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanın mədəni irsinin dünyada təbliğatını daha geniş formada aparmaq üçün xarici ölkələrdə Azərbaycanın mədəniyyət mərkəzlərinin yaradılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində deyib.

"Mədəniyyət haqqında" qanunda bu məsələnin yer aldığını deyən komitə sədri belə qanunun qəbuluna zərurət olduğunu vurğulayıb.

Onun sözlərinə görə, son 10 ildə Azərbaycan mədəniyyətinin inkişafı təkidlə tələb edirdi ki, yeni qanun qəbul olunsun.

Ölkədə prodüser institutunun inkişafını vacib sayan Cəfərov bu məsələnin də yeni sənəddə öz əksini tapdığını deyib.

"Yeni qanunda Azərbaycan mədəniyyətinin maddi təminat məsələləri öz əksini tapır. Eyni zamanda, mədəniyyətimizin beynəlxalq miqyasda təbliği, dünya mədəniyyətinin ölkəmizdə təbliğatı ilə bağlı görülən işlərin miqyası o qədər çoxdur ki, bütün bunlar yeni qanunauyğunluqlar, yeni prinsiplər diqtə edir", - Komitə sədri deyib.

Onun sözlərinə görə, qanunda mədəniyyət təşkilatlarına dair müddəalar da öz əksini tapır.

"Çünki mədəniyyət təşkilatlarının öz qanunauyğunluqları var. Belə ki, yeni qurumlar yaranır və bu da mədəniyyət və incəsənətin kütləviləşməsinə müsbət təsir göstərir", - Cəfərov deyib.

O bildirib ki, yeni qanun Azərbaycan Konstitusiyasının 40-cı maddəsi ilə təsbit olunmuş mədəniyyət hüququnun təmin olunması məqsədi ilə dövlət mədəniyyət siyasətinin əsas prinsiplərini, dövlət mədəniyyət fəaliyyətinin formalarını, təşkilati, hüquqi, iqtisadi əsaslarını, mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlərin hüquqlarını, vəzifələrini, həmçinin, mədəniyyət işçilərinin statusunu müəyyən edir.

Bu qanun mədəniyyətin ayrı-ayrı formaları üzrə müvafiq qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsində baza rolunu oynayacaq.

Komitə sədri bildirib ki, qanun layihəsində qeyd olunur ki, dövlət mədəniyyət sisteminə dövlətin mülkiyyətində olan teatr-konsert müəssisələri, kitabxana məssisələri, muzey müəssisələri, təhsil və tədris müəssisələri, mədəniyyət mərkəzləri və asudə vaxtın təşkili müəssisələri, həmçinin, mədəniyyət və incəsənətin təbliği-yayımı müəssisələri daxildir.

Dövlət milli-mədəni dəyər və sərvətlərinin yaradılması, qorunması, tədqiqi, bərpası və istifadəsi məqsədi ilə dövlət mədəniyyət təsisatlarını yaradır, onun fəaliyyətini təmin edir.

Qanun layihəsində yaradıcılıq ittifaqlarından da bəhs edilir ki, burada da yaradıcılıq ittifaqlarının nizamnaməsində müəyyən edilmiş tələblərə cavab verən yaşı 18-ə çatmış hər bir yaradıcı şəxsin könüllülük əsasında yaradıcılıq ittifaqlarının üzvü ola bilməsi məsələsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti