Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Emlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu İsmayıllının Çərmədil kəndində apardığı arxeoloji qazıntılar zamanı Girdiman dövlətinə aid tarixi tapıntılar aşkarlayıb.
İnstitutun Şamaxı-Ağsu eskpedisiyasının rəhbəri Akif Quliyev Trend-ə deyib ki, araşdırma aparılan ərazi Girdiman dövlətinin ərazisi olub. Burada aparılan araşdırmalar zamanı I-V əsrə aid 20-dək küp, torpaq, döyüşçü qəbirləri aşkarlanıb. Həmin qəbirlərin bəzilərində atəşpərəstlik, bəzilərində xristianlıq, bəzilərində isə bütpərəstlik əlamətləri olub. Qəbirdəki bəzi insanlar xristianlar, bəzi insanlar bütpərəstlər, bəziləri isə atəşpərəstlər kimi dəfn edilib.
"İlk dəfədir ki, bir nekropolda xristianlıq, bütpərəstlik və atəşpərəstliyin əlamətləri olan qəbirlər aşkarlanıb. Bu da keçid dövrünün olduğunu göstərir", - ekspedisiya rəisi əlavə edib.
O deyib ki, qəbirlərdə hətta oğuz tayfalarına aid əlamətlərə də rast gəlinib. Aşkarlanmış küp qəbirlərdən birində dəfn edilmiş döyüşçünün bir əlində piyalə, o biri əlində isə qılınc olub. Tədqiqat zamanı bir neçə türk tamqalarına (gerblərinə) də rast gəlinib. Bir neçə qəbirdə aşkarlanmış döyüşçülərin üzük-möhürlərində tamqalar da olub. Bu isə alban tayfalarının məhz türklərlə bağlı olmasını bir daha sübuta yetirir.