Azərbaycan, Bakı, 29 may /Trend, müxbir K.Zərbalıyeva/
Bakı və Gəncə şəhərlərində sifarişli qətllər törətməkdə təqsirləndirilən iş adamı Şöhrət Quliyev və onun mütəşəkkil dəstəsinin üzvlərinin barəsindəki məhkəmə hökmündən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası keçiriləcək.
Bakı Apelyasiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, mayın 31-də hakim Əflatun Qasımovun sədrliyi ilə növbəti məhkəmə iclası keçiriləcək.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə dəstə başçısı Şöhrət Quliyev, dəstə üzvləri Mehman Qəhrəmanov və Anar Həsənov ömürlük, İlham Şabanov 15 il, Səxavət Xudiyev 13 il 6 ay, Xəzər Kazımov 2 il, Məharət İsmayılov 2 il, Rabit Abdinov 2 il müddətinə azadlıqdan məhrum olunub. Bilal Verdiyev, Elim Şahmuradov, Nuru Atayev və İlahibə Ələsgərovun barəsində olan cinayət işinə isə xitam verilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 217-ci (banditizm) və 228-ci (qanunsuz olaraq odlu silah, sursat əldə etmə və saxlama) və digər maddələri ilə ittiham olunublar. İttihama görə, 2003-cü ilin dekabr ayında Şöhrət Quliyev Mehman Qəhrəmanovla birgə Anar Həsənov, Səxavət Xudiyev, İlham Şabanov, Xəzər Kazımov və Elmar Qasımovdan ibarət silahlı mütəşəkkil dəstə yaradaraq onu odlu silah və döyüş sursatı ilə təchiz ediblər. Cinayətkar dəstənin üzvü Anar Həsənov 2003-cü il dekabrın 18-də Bakı şəhərində sahibkarlıqla məşğul olan Əhməd İbrahimovun yaşadığı binanın girişində "Makarov" markalı tapançadan atəş açaraq onu öldürüb. 2004-cü il martın 22-də "Makarov" tapançası ilə silahlanan cinayətkar dəstənin üzvü İlham Şabanov Şöhrət Quliyevin göstərişi ilə Gəncə şəhəri sakini Kamal Ələkbərovu yaşadığı evin qarşısında qətlə yetirib.