...

Bakı məzunlarına "Son zəng"in keçirilmə vaxtı və yerini dəyişdirməyə icazə verilmədi

Cəmiyyət Materials 30 May 2012 15:50 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi "Son zəng" tədbirlərinin keçirilmə vaxtı və yerinin dəyişdirilməsinə icazə verməyib.
Bakı məzunlarına "Son zəng"in keçirilmə vaxtı və yerini dəyişdirməyə icazə verilmədi

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İsabalayeva/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi "Son zəng" tədbirlərinin keçirilmə vaxtı və yerinin dəyişdirilməsinə icazə verməyib.

İdarədən çərşənbə günü Trend-ə verilən məlumata görə, Azərbaycanın təhsil naziri Misir Mərdanovun "Ümumtəhsil məktəblərində "Son zəng" tədbirinin keçirilməsi haqqında" imzaladığı əmrə uyğun olaraq, BŞTİ-nin müdiri Nailə Rzaquliyeva da Bakı şəhərinin ümumtəhsil məktəblərində "Son zəng" tədbirlərinin mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə əmr imzalayıb.

Əmrdə qeyd edilir ki, Bakı şəhərinin ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri mayın 31-i saat 10:00-dan başlayaraq üç saat müddətində və yalnız məktəbin ərazisində keçirilməlidir. "Son zəng" tədbirində valideynlər, müharibə və əmək veteranları, elm, mədəniyyət, incəsənət xadimləri, tanınmış alim-pedaqoqlar da iştirak edə biləcəklər.

Tədbir öncəsi isə "Son zəng" tədbirlərinin keçirilməsi ilə bağlı siniflərdə şagird və valideyn iclasları keçirilməli, müvafiq izahat işləri aparılmalıdır. Tədbirin rəsmi hissəsi bitdikdən sonra keçiriləcək müxtəlif şənliklər pedaqoji kollektivin bilavasitə rəhbərliyi ilə məktəblərdə təşkil olunmalıdır.

BŞTİ "Son zəng" ilə bağlı məktəbin ərazisindən kənarda keçirilən tədbirdə hər hansı bir hadisə baş verərsə, məsuliyyətin təhsil ocağının deyil, valideynlərin üzərinə düşəcəyini də bəyan edib.

Xəbər lenti

Xəbər lenti