...

Azərbaycanda yeni idarəetmə strukturları yaradılır

Cəmiyyət Materials 1 İyun 2012 12:32 (UTC +04:00)
Milli Məclisin Regional məsələlər komitəsinin iclasında "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunub.
Azərbaycanda yeni idarəetmə strukturları yaradılır

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir M.Əliyev/

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunub.

Trend-in məlumatına görə, komitənin sədri Arif Rəhimzadə bildirib ki, inzibati ərazi bölgüsü olmayan rayonlarda sahələr yaradılacaq. "Sahələr 20 min əhalisi olan ərazini, istisna hallarda daha az əhalisi olan əraziləri əhatə edəcək, - Rəhimzadə deyib.

Onun sözlərinə görə, kiçik bir kəndin idarəolunması həyata keçirildiyi təqdirdə, Bakının Yasamal kimi böyük rayonunu yalnız İcra Hakimiyyəti idarə edir. "İdarəetməni əhaliyə daha yaxın etmək məqsədi ilə sahə inzibati idarəetmə strukturları yaradılır", - komitə sədri deyib.

Deputat Tahir Rzayev qanuna əlavəyə münasibət bildirərək qeyd edib ki, yeni strukturların yaradılması əlavə iş yerlərinin yaranmasına və gənclərin idarəçilik sisteminə cəlb olunmasına şərait yaradacaq.

Deputat Fəzail İbrahimli isə çıxışında bildirib ki, yeni strukturların yaradılması İcra hakimiyyətlərinin üzərinə düşən yükün yüngülləşməsinə səbəb olacaq.

Qanuna təklif olunan əlavələrə əsasən, sahə inzibati ərazi dairəsi - rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərəkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində yerli dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazidir.

Dövlət hakimiyyəti orqanlarının əhaliyə yaxınlaşması və idarəetmənin səmərəliliyinin artırılması məqsədi ilə sahə inzibati ərazi dairələri yaradılır.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olan qanun layihəsi Parlamentin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti