...

AMEA doktorantura səviyyəsi üzrə kredit sisteminin tətbiqini mümkün sayır

Cəmiyyət Materials 8 İyun 2012 14:53 (UTC +04:00)
AMEA ali təhsilin bakalavr və magistratura səviyyələrində olduğu kimi, doktorantura səviyyəsi üzrə də kredit sisteminin tətbiqini mümkün sayır.
AMEA doktorantura səviyyəsi üzrə kredit sisteminin tətbiqini mümkün sayır

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İ.İsabalayeva/

AMEA ali təhsilin bakalavr və magistratura səviyyələrində olduğu kimi, doktorantura səviyyəsi üzrə də kredit sisteminin tətbiqini mümkün sayır. Bunu cümə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Arif Həşimov deyib.

Onun sözlərinə görə, artıq Təhsil Nazirliyi ali təhsilin doktorantura səviyyəsi üzrə kredit sisteminin tətbiqini nəzərdə tutan "Azərbaycanda doktorantura təhsilinin dövlət standartı və proqramı"nın layihəsini hazırlayıb. Layihə bu yaxınlarda razılaşdırılmaq üçün AMEA-ya təqdim ediləcək.

Həşimov layihənin TN və AMEA tərəfindən birgə müzakirə edildikdən sonra Nazirlər Kabinetinə təqdim ediləcəyini bildirib.

AMEA-nın vitse-prezidentinin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən ali təhsil və elmi tədqiqat müəssisələrinin doktoranturalarına sənəd qəbulu avqustun 15-dən sonra elan ediləcək.

"Sənəd qəbulu bu il də ötən ildəki kimi olacaq. Vaxtı elə müəyyən edəcəyik ki, magistraturanı bitirənlər də doktoranturaya sənəd verə bilsinlər", - Həşimov əlavə edib.

Qeyd edək ki, kredit sisteminə uyğun olaraq, tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir. Bu sistemin tətbiq olunacağı halda, doktorantlar hazırda 3-4 il davam edən təhsil müddətlərini daha tez başa vura bilərlər.

Xəbər lenti

Xəbər lenti