...

Azərbaycanda peşəkar gənc kadrlara aid tələblər müəyyən edilib

Cəmiyyət Materials 22 İyun 2012 12:55 (UTC +04:00)
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, sənəd gənclərin kadr potensialı barəsində məlumat bankının yaradılması, formalaşdırılması mexanizmini, zənginləşdirilməsi, idarə olunması və ondan istifadə qaydalarını müəyyən edir.
Azərbaycanda peşəkar gənc kadrlara aid tələblər müəyyən edilib

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti "Gənclərin kadr potensialı barəsində məlumat bankı haqqında Əsasnamə"ni təsdiq edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, sənəd gənclərin kadr potensialı barəsində məlumat bankının yaradılması, formalaşdırılması mexanizmini, zənginləşdirilməsi, idarə olunması və ondan istifadə qaydalarını müəyyən edir.

Məlumat Bankı öz ixtisas bilikləri və işgüzar bacarıqları, inkişaf potensialı və işlədikləri sahədə (tutduqları vəzifədə) əldə etdikləri nəticələrə görə qanunvericiliklə müəyyən edilmiş qaydada daha yüksək vəzifəyə təyin edilə biləcək peşəkar və perspektivli mütəxəssislər barəsində dolğun məlumat toplusudur.

Məlumat Bankı Gənclər və İdman Nazirliyi tərəfindən xüsusi proqram təminatı vasitəsilə elektron formada yaradılır və idarə olunur. Məlumat Bankına daxil edilmək üçün namizədlər barəsində məlumatlar dövlət orqanları tərəfindən təqdim edilir. İri vergi ödəyicisi olan dövlət müəssisələri də bu Əsasnamə ilə müəyyən edilmiş qaydada Məlumat Bankına qoşula bilərlər.

Məlumat Bankının məqsədi ölkənin təhsil, elm, mədəniyyət, idarəetmə sahəsində gənc kadr potensialı haqqında dolğun məlumatın formalaşdırılması, dövlət dəstəyinin ünvanlı olmasının və səmərəsinin təmin edilməsidir.

Məlumat Bankından dövlət qurumlarında daha yüksək vəzifələrə ehtiyat kadr siyahısının hazırlanmasında istifadə edilir. Məlumat Bankının formalaşdırılmasında bütün maraqlı dövlət orqanlarının, ictimai və digər təşkilatların, habelə təhsil və elm müəssisələrinin iştirakı təmin edilir.

Məlumat Bankının rezidenti 29 yaş həddini keçməyən Azərbaycan Respublikasının vətəndaşı olan, ali təhsilli, Azərbaycan Respublikasının dövlət dilini və azı iki xarici dili bilən, ixtisası üzrə və idarəetmə sahəsində azı ikiillik təcrübəsi, yüksək təşəbbüskarlığı və iş qabiliyyəti, dövlət siyasətini dərindən dərk edən və məsuliyyətli, yüksək təhlil qabiliyyətili, strateji planlaşdırma, yüksək icraçılıq, təşkilatçılıq və təqdimetmə sahəsində bilik və bacarığı, yüksək fərdi hazırlıq səviyyəsi, kollektivdə və komandada işləmək qabiliyyəti olan şəxslər hesab olunacaqlar.

Rezident haqqında məlumatların aktiv siyahıda saxlanılma müddəti onun 35 yaş dövrünə qədər müəyyənləşdirilir.

Rezident haqqında məlumatların siyahıda saxlanılma müddəti bitdikdə, bu məlumatlar Məlumat Bankının aktiv siyahısından çıxarılır və arxivləşdirilir.

Rezident xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tədbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda, vəfat etdikdə, məhkəmə tərəfindən şəxs xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə onun haqqında məlumatlar Məlumat Bankının aktiv siyahısından arxivləşdirilmədən çıxarılır.

Xəbər lenti

Xəbər lenti