...

Azərbaycanda "yaşıl həyat"a köklənən ideologiya

Cəmiyyət Materials 28 İyun 2012 09:20 (UTC +04:00)
Ötən əsrin 70-ci illərində "Roma" klubunun yaradıcısı Aureli Peççei yazırdı ki, insan dilemma qarşısında dayanıb. O ya ayrıca bir şəxsiyyət kimi, həm də bəşər cəmiyyətinin bir hissəsi kimi dəyişməlidir
Azərbaycanda "yaşıl həyat"a köklənən ideologiya

Emil Hüseynli - Trend-in icmalçısı

Əhalinin ekoloji maarifləndirilməsində milli parkların əhəmiyyəti

"...Təbiətdə heç nə şərti olaraq baş vermir, hər bir hadisə digərlərinə təsir göstərir və əksinə. Bu danılmaz fakta təbiətşünasların göstərdikləri biganəlik hissi əksər hallarda həyatda, hətta ən sadə şeyləri belə aydın görməyə imkan vermir". Məşhur filosof F.Engelsin belə bir fikri əsaslı surətdə təqdirəlayiqdir. Çünki insan həm nəzəri, həm də praktiki olaraq təbii mühitə borcludur. Təbiətə münasibət ictimai münasibət olduğundan, mənəvi və hüquqi meyarlar xüsusi yer tutmalıdır. İnsan öz əməli fəaliyyəti ilə adətən bir sıra heyvan və bitkilər üçün əlverişli şərait yaradır, nəticədə təbii komplekslərin yüksək məhsuldarlığını əldə edir.

Bu gün ekoloji məsələ ümumxalq və ümumbəşəri problemdir. Təbiət onun ahəngini kobud şəkildə pozanları bağışlamır.

Ötən əsrin 70-ci illərində "Roma" klubunun yaradıcısı Aureli Peççei yazırdı ki, insan dilemma qarşısında dayanıb. O ya ayrıca bir şəxsiyyət kimi, həm də bəşər cəmiyyətinin bir hissəsi kimi dəyişməlidir, yaxud da Yer üzündən bir dəfəlik silinməlidir. Bu fikir olduqca geniş bir problemi, insanı əhatə edən dünyaya mənəvi-əxlaqi münasibəti əhatə edir. Sosiumun üzvü olan hər bir fərd təbiətdə öz yerini tapmalı və həmin yeri axıra qədər qorumalıdır. Ekoloji problem təkcə iqtisadi, siyasi deyil, eyni zamanda, ümumi sosial problemdir və onun sistem şəklində tədqiqi vacibdir. Ekoloji böhran təbiətin ona nadan, yırtıcı münasibətinə qarşı intiqamıdır.

Azərbaycanda "ekoloji məsuliyyət"

Son dövrlər Azərbaycan dövlətinin ətraf mühitin qorunması istiqamətində həyata keçirdiyi iri layihələr bəhrəsini verməkdədir. Bu, özünü ekologiyanın bütün sahələrində göstərir. Sözsüz ki, Azərbaycanda "yaşıl həyat" dövrü ümumilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra başladı. Heydər Əliyevin "Bir ağacı, bir budağı kəsən elə bil mənim qollarımı kəsir" kəlamını ekoloji maarifləndirmənin başlanğıcı saymaq olar.

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan, təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik ərazilər sayılan milli parkların Azərbaycan əhalisinin ekoloji maariflandirilməsində xüsusi çəkisi var.
Tarixdə ilk milli park 1872-ci ilin mart ayında ABŞ-da yaradılıb. "Yelloustoun" adlanan bu parkın təşkilində məqsəd bölgədəki qeyzerlər və isti mineral bulaqların mühafizəsi və biomüxtəlifliyin qorunub saxlanılması idi. Bundan sonra dünyanın digər yerlərində də milli parkların yaradılması prosesinə start verildi. Bu gün insanların ətraf mühitə münasibətdə təfəkkürünün dəyişməsində milli parkların təsiri heç də az deyil. Ətraf mühitə amansız olan hər bir insan belə, milli parkları gəzdikdən sonra təbiətə münasibəti dəyişir. Başa düşür ki, bu gün yerə atılan bir zibil sabah onun evində cəmləşə bilər, bu gün ağacın bir budağını qıran şəxs anlayır ki, bu, onun sabah ailəsinin sağlamlığı üçün vacib olan təmiz havanın qarşısını alacaq. Hər kəs bilməlidir ki, bu gün ətraf mühitin qorunması inzibati üsulla effektli ola bilməz, bu, hansısa nazirliyin işi deyil, hamı bütövlüklə "yaşıl həyat" aşiqi olmalıdır.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan əvvəl Azərbaycan Respublikasında milli parklar mövcud deyildi. 2003-cü ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Akademik Həsən Əliyev adına Ordubad, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə isə Göygöl milli parkları yaradılıb. 2008-ci ildə Hirkan Milli Parkının ərazisi genişləndirilərək 40358 hektara çatdırılıb. 2009-cü il 25 noyabr tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə Ordubad Milli Parkı Şahbuz Dövlət Təbiət Qoruğu, Şahbuz, Culfa və Ordubad rayonlarının əraziləri hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılıb. Eyni sərəncamla Milli Parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyul tarixli sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14613,1 hektar genişləndirilərək 130508,1 hektara çatdırılıb. Hazırda milli parklar ölkə ərazisinin 3,6%-ni təşkil edir.

Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilir. Eyni zamanda, Almaniya Federal Hökumətinin dəstəyi ilə "Qafqaz təşəbbüsü" proqramı çərçivəsində "Samur-Yalama" Milli Parkının layihəsi işlənilib və icrasına başlanılıb. Bütün milli parkların yaradılması Azərbaycan Prezidentinin 23 may 2001-ci il tarixli 485 saylı fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra aparılan məqsədyönlü siyasətin nəticəsində baş verib.
Sözsüz ki, milli parkların və qoruqların sayının hər il artırılması Azərbaycanda təbiətin və biomüxtəlifliyin qorunub saxlanılmasında, əhalinin ekoloji maarifləndirilməsində dövlət səviyyəsində həyata keçirilən ən uğurlu tədbirlərdən biridir və bütün bunlar genefondumuzun sağlam gələcəyi üçün xüsusi önəm daşıyır. Məhz milli parkların və xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyəti və əhalinin maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəsli kəsilməkdə olan flora və fauna növlərinin qorunub saxlanılmasına imkan yaradır. Bütün bunlar isə Azərbaycanı yeni parkların salınması, biomüxtəlifliyin qorunub mühafizə edilməsi və əhalinin ekoloji maarifləndirilməsi sahəsində nəinki Cənubi Qafqazın, həm də dünyanın lider dövlətlərindən birinə çevirib.

Azərbaycanın "yaşıl həyat"ının ingilis əcnəbinin təsəvvürlərində yaratdığı inqilab

Bir müddət öncə Şirvan Milli Parkında olarkən parkın direktoru Seymur Kərimov əhalinin ekoloji maarifləndirilməsində milli parkların xüsusi əhəmiyyət daşıdığını söylədi. O, milli parklar vasitəsilə əhali arasında ekoloji maarifləndirmənin uğurla aparıldığını bildirdi. Azərbaycan vətəndaşları ilə bərabər əcnəbilərin Milli Parka marağına toxunan Seymur Kərimov bildirdi ki, bu ilin müvafiq dövründə ərazini gəzənlərin yarısı Azərbaycan vətəndaşları, yarısı isə əcnəbilər olub. Əcnəbilər arasında, əsasən, Niderland, Almaniya, İngiltərə və digər ölkələrdən olanları sadalamaq olar. Milli Parkda rastlaşdığım İngiltərədən olan əcnəbi Maykl Ceyms söhbət zamanı burada yaradılan şəraitdən məmnun qaldığını bildirib.

"Şirvan Milli Parkının landşaftı bir çox Avropa ölkələrində belə yoxdur. Etiraf edim ki, buranın belə gözəl olacağını, "Qırmızı kitab"a düşən bitkilərin zənginliyini təsəvvür etmirdim. Reallıqlar təsəvvürlərimi alt-üst etdi. Hesab edirəm ki, görülən işlər yüksək qiymətə layiqdir", - Ceyms əlavə edib.

Avropalı əcnəbinin bu cür parkların insanlarda "ekoloji məsulliyət"in yaranmasına təsirinə dair sualıma cavabı isə birmənalı oldu: "Ümumiyyətlə, insanların Azərbaycanın bu və ya digər milli parklarında ekoloji maarifləndirilməsinə xidmət edən sənədli filmlərin nümayişi, əhalinin bu məkanların nəzdində yaradılan muzeylərə səfərlərinin təşkili, həmçinin, onların canlı təbiətlə birbaşa ünsiyyətə girməsinə imkan verən maarifləndirici tədbirlər qarşıya çıxan problemlərin şüurlu şəkildə aradan qaldırılmasında xüsusi rol oynayır", - Ceyms deyib.

Xatırladaq ki, Şirvan Milli Parkının yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərinin, Azərbaycan Respublikasının "Qırmızı kitab"ına düşmüş ceyranların və bu ərazi üçün səciyyəvi olan fauna növlərinin qorunub saxlanılması, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji maarifləndirilməsi, turizm və istirahət üçün şərait yaradılmasıdır.

Milli Parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu, yarımsəhra təpəliklər və düzənlik təşkil edir. Qədim sahil tirələri, külək vasitəsilə yaranan əsas relyef forması olan təpəciklər isə ceyranların sığınacağı və mühafizəsi üçün çox sərfəlidir. Şirvan Milli Parkının herpetofaunasını 17 növ sürünən heyvanlar təşkil edir. Təsadüfi deyil ki, Azərbaycanda və dünya miqyasında nəsli kəsilmək təhlükəsi ilə üzləşən quşlardan Milli Parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın "Qırmızı kitab"ına, 10-u Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin siyahısına daxil edilib. Şirvan Milli Parkında məməli heyvanların respublikamızda yayılmış bütün növlərinə də rast gəlinir.

"Alman maşını"nın "yaşıl həyat" etirafı

Bir tərcüməçi tanışımla Hirkan Milli Parkını gəzəndə Almaniyadan gələn əcnəbi turist Verber Donsla danışmaq fürsətini əldə etdim. Almaniyanın yaşıllıq ölkəsini nəzərə alaraq, onun Milli Parkda yaradılan şəraitlə bağlı fikrini öyrənmək marağı yarandı.
"Biomüxtəlifliyin bərpası, mühafizəsi, ekoturizmin təşkili, inkişaf etdirilməsi, elmi tədqiqat və təbliğat işlərinin aparılması baxımından bu cür milli parkların yaradılması təqdirəlayiqdir", - Dons dedi. Onun sözlərinə görə, Hirkan Milli Parkının fauna və florası olduqca zəngindir. Alman əcnəbi Hirkan Milli Parkını təbiətin nadir incisi adlandırdı.
Qeyd edək ki, Hirkan Milli Parkının faunasına qara leylək, tirəndaz, ayı, qaban, cüyür, xallı maral, vəhşi pişik, dələ, porsuq, yenot, canavar, çaqqal, qamış pişiyi, su samuru, bəbir, vaşaq, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, qıvrımlələk qutan, toğlugötürən, Talış uzunbığı, florasına isə Hirkan ənciri, Hirkan şümşadı, Hirkan armudu, dəmirağac, vələs və Hirkan bigəvəri daxildir.

"Ana şüarımız - İnsanlar təbii sağlam mühitdə yaşamalıdır"

Çox istərdim ki, hamı bu ideologiyaya köklənsin ki, ətraf mühitə ziyan vuranlar - zibil tökənlər, ağac kəsənlər millətinin, dövlətinin düşmənidir. Hamı bilməlidir ki, insanı təbiətdən, təbiəti isə insandan ayrı dərk etmək mümkünsüzdür. Çünki təbiət ana, insan isə onun övladıdır. Övlad isə anasının qədrini bilməlidir.
Hazırda dünyanın müxtəlif ölkələrində içməli su, quraqlıq, ərzaq qıtlığı problemi mövcuddur, iqlim dəyişikliyi, demoqrafik partlayış və digər qlobal problemlər başlayıb, ekoloji tarazlığın pozulması ərzaq məhsullarını yararsız hala salıb, insanlar və heyvanlar arasında ağır müalicə olunan keçici xəstəliklər artıb. İnsan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır. Təbiət
insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edir. XX əsrin başlanğıcında Yer kürəsinin əhalisi təmiz hava alır, saf su içirdilər. Dünya sonsuz, təbii sərvətlər isə tükənməz hesab edilirdi. İndi bəşəriyyət elə problemlərlə üz-üzə qalıb ki, onlar insanın mövcudluğunu təhlükə altına alıb. Ekoloqların fikrincə, əgər bəşəriyyət bu yolu davam etdirərsə, yaxın bir neçə nəsildən sonra onu fəlakət gözləyir. Atmosferin çirklənməsi, torpaq örtüyünün qüvvədən düşməsi və xarab olması, su hövzələrinin kimyəvi zəhərlənməsi belə problemlərin ən aktuallarındandır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bütün dünyada xərcəng xəstəliyinə düçar olanların dörddə üçünün bu xəstəliyə tutulmalarına səbəb ətraf mühitin çirklənməsidir. Ətraf mühitin çirklənməsi şəhərlərdə günəşli günlərin sayını azaldır, bitki aləmini, tikinti materiallarını və abidələri məhv edir. Ətraf mühitin çirklənməsinin ən təhlükəli nəticəsi insan orqanizmində mənfi mutasiyalara səbəb olmasıdır. Bu səbəbdən fiziki və zehni çatışmazlıqları olan uşaqlar dünyaya gəlir, sonsuzluq halları müşahidə edilir, irsi ağır xəstəliklər adi hal alır.

İnsanı əzəli və son beşiyi olan ana təbiətdən bircə anlığa da təcrid olunmuş təsəvvür etmək mümkün deyil. Ta qədimdən insan həyatı üçün ən zəruri olan dörd ünsürün (od, torpaq, hava, su) adının çəkilməsi təsadüfi deyil. Doğrudan da bu dörd ünsürdən biri olmasa, həyat dayanar. Ona görə də insanlar təbiəti qorumaq üçün qlobal layihələrin həyata keçirilməsində fəal iştirak etməyə məhkumdurlar. İnsanların təbii sağlam mühitdə yaşaması hər birimizin ana şüarına çevrilməlidir.

Sonda məşhur amerikalı ekoloq A.Leordun fələsəfəsi ilə yazımı bitirmək istərdim. Leord Yer kürəsini əvvəli və sonu olmayan bir çaya ("Round river") bənzədərək göstərmişdi ki, insanlar bu axına çox ehtiyatla yanaşmalıdırlar. Ekoloq bu problemləri öyrənərək özünün son proqnozunu bu cür vermişdi:

"İnsanlar, unutmayın və agah olun, yaşadığınız "Round river" hazırda təhlükə qarşısındadır, bu təhlükənin sonuncu qurbanı isə bütün canlı aləm, o cümlədən sizlər olacaqsınız! Gec də olsa, təbiətə, onun sərvətlərinə münasibətinizi dəyişin! Əks təqdirdə, bəşəriyyət böyük fəlakətlər və onların ağır təzadları ilə üzləşə bilər".

Bu yazı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 22 İyul - Milli Mətbuat Günü ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

Xəbər lenti

Xəbər lenti