Azərbaycan, Bakı, 7 iyul /Trend/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 7-da Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən imtahan keçirib.
Komissiyadan şənbə günü Trend-ə verilən məlumata görə, imtahanın nəticələri iyulun 7-də saat 15:20-dən etibarən TQDK-nın internet saytında yerləşdiriləcək.
İmtahan nəticələrini öyrənmək üçün Azercell, Bakcell və Nar Mobile nömrələrindən abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.
İmtahanda iştirak etmiş abituriyentlərdən 1603 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul" qiyməti alıblar.
"Azərbaycan dili" imtahanından "məqbul" qiyməti almayan rus bölməsinin abituriyentləri 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.