Azərbaycan, Bakı, 17 iyul / Trend müxbir M.Əliyev/
Azərbaycan Gənclər Fondunun ilk qrant müsabiqəsinə 172 təşkilat və 83 nəfər gənc individual formada qeydiyyatdan keçiblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Fonddan bildirilib.
Müsabiqədə iştirak etmək üçün gənclər Fondun saytında (www.youthfoundation.az) qeydiyyatdan keçməli və onlayn formada layihə təklifi ilə müraciət etməli idilər. Müsabiqə Fondun saytında qeyd olunan 5 - A, B, C, D və E kateqoriyaları üzrə keçirilib, A, B və C kateqoriyaları üzrə layihə qəbulu iyulun 15-dən dayandırılıb. Digər 2 kateqoriya üzrə isə mütəmadi olaraq müraciətlər qəbul olunur.
A kateqoriyası gənclərin daha çox marağına səbəb olub və bu kateqoriya üzrə 127 layihə təklifi gəlib. Digər kateqoriya B - beynəxalq layihələr üçün nəzərdə tutulub və məhz bu kateqoriya üzrə 19 layihə təklifi qəbul olunub. Növbəti kateqoriya C kateqoriyası - yaradıcı gənclərə dəstək layihələri istiqamətindədir. Bu kateqoriya üzrə isə 19 müraciət olub. D kateqoriyası gənc alimlərin, ictimai fəal istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının qismən maliyyələşdirilməsi məqsədilə yaradılıb və hal-hazırda bu kateqoriya üzrə 11 müraciət gəlib. Sonuncu E kateqoriyası yalnız xarici ölkələrin gəncləri və gənclər təşkilatlarının Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin maliyyələşdirilməsi üçündür. Bu kateqoriya ilə çoxsayda xarici vətəndaşlar və təşkilatlar maraqlanıb, lakin hələ rəsmi müraciət olmayıb.
Hazırda Fondun əməkdaşları tərəfindən layihə təkliflərinin siyahıları hazırlanır. Fonda gəlmiş bütün müraciətlər baxılması üçün Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasına təqdim olunacaq.